POLYAKLAR “DÖRD TANKÇI VƏ İT”İ DAHA GÖRMƏYƏCƏKLƏR
Bu filmlərə qadağa qoyulmasına 1940-cı illərdə həm almanlara qarşı, həm də Polşanı faşistlərdən azad edən Sovet Ordusuna qarşı vuruşmuş Krayova Ordusunun veteranları nail olmuşlar. Onlar hər iki filmdə İkinci dünya müharibəsinin necə yozulmasından narazıdırlar. “Krayova Ordusu” Birliyi sədrinin müavini Tadeuş Filipkovski demişdir: “Bizi hiddətləndirən odur ki, almanları səfehlər bandası kimi göstərirlər, halbuki o vaxt Almaniya ordusu dünyada çox güclü sayılırdı və ona qalib gəlmək çətin idi. Səfehlər bandasına isə uşaqlar da qalib gələ bilərlər. Bu filmlərdə müharibənin faciələri göstərilmir, əksinə, müharibə macəra kimi təqdim edilir”.
Bundan başqa, veteranların fikrincə, Polşanın milli tarixi ilə bağlı hadisələr hər iki filmdə təhrif edilmiş şəkildə verilir.
Polşa televiziyaçıları bildirmişlər ki, milli tarixə “daha düzgün baxış”ın təqdim olunacağı yeni seriallar çəkmək niyyətindədirlər.
“Dörd tankçı və it” filminin teleekranlara çıxmasının bu il 40 ili tamam olmuşdur. Filmdə İkinci dünya müharibəsində dörd şən və cəsur tankçının, habelə diribaş itin macəralarından bəhs edilir. “Nəyin bahasına olursa-olsun” filmində isə İkinci dünya müharibəsi illərində Almaniyanın hərbi kəşfiyyatına - Abverə yeridilmiş Hans Kloss adlı polyak kəşfiyyatçıdan danışılır.