Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib YENİLƏNİB-4 VİDEO

Xocalı, 26 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Memorialın önünə əklil qoydu.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma Memorial barədə məlumat verdi.

Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb.

Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb.

Memorialı dörd tərəfdən əhatə edən monolit Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Memorialın həyətində qış fəslinin sonunda çiçək açan və yazın müjdəçisi olan badam ağacları əkilib. Bu illər ərzində “Xocalıya ədalət!” kampaniyasının rəmzi də badam çiçəyi seçilib və bu, təsadüfi deyil. Badam çiçəyi Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin olunmasını əks etdirir.

Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiya zalı yaradılıb.

Ekspozisiya ziyarətçiləri “Faciənin siması” instalyasiyası ilə qarşılayır. Rəşad Ələkbərov və Azər Rüstəmovun müəllifləri olduqları instalyasiya 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş soyqırımının qurbanlarını - qətlə yetirilmiş dinc sakinləri, məhv olmuş ailələri canlandırır.

Memorialın tavanı boyu uçuşan göyərçin maketləri isə bütün dünyaya sülh arzulayan Xocalının faciə zamanı qətlə yetirilmiş günahsız sakinlərinin xatirəsinə ehtiram əlamətidir.

XX əsrdə insanlıq əleyhinə ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımına həsr edilmiş ekspozisiyada Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasəti və erməni terrorizminin Azərbaycan torpaqlarında törətdiyi fəsadlar sənədlər, xəritələr və faktlar əsasında təqdim olunur. Burada “Xocalı - qədim sivilizasiyanın izləri”, “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”, “Xocalını unutma!” adlı ekspozisiyalarda Xocalının tarixi, işğalın coğrafiyası, münaqişənin xronologiyası, beynəlxalq hüquq normalarının pozulması, bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımı barədə məlumatlar və Ümummilli Lider Heydər Əliyevin soyqırımına verdiyi siyasi-hüquqi qiymət nümayiş olunur.

Ekspozisiya zalındakı Xocalı maketində faciə günü yaşanan dəhşətlərə dair məlumatlar interaktiv formada təqdim olunur.

İkinci ekspozisiya zalında Sərxan Hacıyevin “Bir gecənin içində səssiz qalan evlər” instalyasiyası və faciə zamanı tamamilə məhv edilmiş 8 ailənin taleyi, insanlıq əleyhinə yönəlmiş cinayət nəticəsində bir gecədə yarımçıq qalan həyatlar, arzular, sükuta qərq olan uşaq gülüşləri süni intellektlə hazırlanan video vasitəsilə təqdim edilir.

Ekspozisiya zalında Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması üzrə apardığı ardıcıl siyasət, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Fondun Xocalı soyqırımı qurbanlarının xatirəsinin yaşadılması və ədalətin bərqərar olması istiqamətindəki fəaliyyəti, müxtəlif dillərdə hazırlanan nəşrlər və informasiya materialları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər və onun fəal iştirakı ilə bu sahədə həyata keçirilmiş tədbirlər əks etdirilir.

“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımı qurbanlarının xatirəsinə bir sıra ölkələrdə ucaldılmış abidələrin maketləri də burada sərgilənir.

Ekspozisiya 44 günlük Vətən müharibəsinə və dövlət suverenliyinin bərpasına dair məlumatlar, “Böyük Qayıdış” və “Viran edilən Xocalı yenidən dirçələcək” ideyası ilə tamamlanır.

Memorialın növbəti bölməsində rəsmi tədbirlərin və anım mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulan akt zalı var.

Xocalı Soyqırımı Memorialı memarlıq və ideya baxımından milli yaddaşın qorunmasına xidmət edən məkandır.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törədib. Faciə zamanı 613 nəfər qətlə yetirilib. Onların 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insan olub. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib.

İşğaldan azad edilən Xocalıda ucaldılan Memorial soyqırımı qurbanlarının xatirəsini daim yaşadacaq və tarixi həqiqətləri hər bir ziyarətçiyə çatdıracaq.

Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir. Xocalı qurbanlarının ruhları bu gün şaddır. Müzəffər Ali Baş Komandanın da dediyi kimi, onların qanı yerdə qalmadı, onların qisası Vətən müharibəsi zamanı döyüş meydanında alındı.

Sonra Prezident İlham Əliyev Memorialın xatirə kitabına ürək sözlərini yazdı.

Daha sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı
 
-İki il bundan əvvəl Xocalı Soyqırımı Memorial Kompleksinin təməli mənim iştirakımla qoyulmuşdur. Bu gün isə bu Memorial Kompleksin açılışına toplaşmışıq.

Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı, insanlığa qarşı, bəşəriyyətə qarşı törədilmiş qanlı hərbi cinayətdir. Bunun məsuliyyətini Ermənistan dövləti daşıyır. Bir gecə içində 600-dən çox günahsız mülki şəxs, onlardan 106-sı qadın, 63-ü uşaq erməni faşistləri tərəfindən qəddarcasına qətlə yetirilmişdir, 150 nəfər itkin düşmüş və aydın məsələdir ki, onlar da ermənilər tərəfindən öldürülmüşdür. Onların bəzilərinin işğaldan sonra qalıqları tapıldı və torpağa tapşırıldı.

Azərbaycan xalqı üçün bu, ən böyük faciədir. Bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün, bizim haqq işimizi dünya birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar. Burada xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdim. Fond yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi. Bu təşəbbüsü Fondun vitse-prezidenti Leyla Əliyeva həyata keçirirdi. Son 20 il ərzində onun təşəbbüsü ilə dünyanın bir çox ölkələrində bir çox tədbirlər, təqdimatlar, simpoziumlar, konfranslar keçirilmişdir, bir çox kitablar, broşürlər, bukletlər dərc edilmişdir. Çünki Ermənistan dövləti, dünya erməniliyi və dünya erməniliyinin, Ermənistan dövlətinin arxasında duran dövlətlər bu qanlı faciəni ört-basdır etməyə çalışırdılar. Hətta erməni təbliğatçıları Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdılar. Əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı. Məhz bizim təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir.

“Xocalıya ədalət!” hərəkatının təsiri böyük olmuşdur. Yenə də deyirəm, biz ədalət tələb edirdik. Ancaq əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri bizim bu faciəmizə biganə yanaşırdılar. Yenə də bildirmək istəyirəm, Ermənistan dövlətinin törətdiyi bu qanlı cinayəti ört-basdır etməyə çalışırdılar. Biz isə ədalətə addım-addım irəliləyirdik. 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması bir addım idi, Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım idi, Xocalı şəhərinin iki il yarım bundan əvvəl azad edilməsi isə son addımlardan biri idi. Nəhayət, axırıncı addım bu yaxınlarda hərbi cinayətkarlara qarşı Bakıda keçirilmiş məhkəmə prosesi idi. Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular.

Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində hərbi cinayətkarların bir hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir, bir hissəsi, xüsusilə separatçıların liderləri sayılan ünsürlər isə müxtəlif dövrlərdə saxlanılmış və məhkəmə qarşısına gətirilmişdir. Bax bu, ədalətin tam təntənəsidir. Ədaləti biz özümüz təmin etdik, xalqımız bir yumruq kimi birləşərək həm 2020-ci, həm 2023-cü illərdə böyük qəhrəmanlıq göstərmişdir. Biz ədaləti Silahlı Qüvvələrimizin peşəkarlığı, fədakarlığı, rəşadəti hesabına özümüz təmin etdik. Əlbəttə ki, hərbi cinayətkarları ədalət məhkəməsinə gətirmək və ədalətli məhkəməni təşkil etmək, yenə də deyirəm, bizim ədalətimizin son nöqtəsi idi.

Dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin və müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin. Bunu biz etdik – Azərbaycan dövləti. Bizim iradəmiz, deyə bilərəm ki, əyilməz iradəmiz bunu təmin etdi. İşğal dövründə bizə nə qədər təzyiqlər olub, təhdidlər olub, bunu Azərbaycan ictimaiyyəti yaxşı bilir. İşğal dövründə bizə tez-tez belə siqnallar ünvanlanırdı ki, reallıqla barışmaq lazımdır, Azərbaycan öz torpaqlarını azad edə bilməyəcək, böyük dövlətlər, Ermənistanın havadarları buna imkan verməyəcək, Azərbaycan Ordusu döyüş meydanında qələbə qazana bilməyəcək. Bu kimi uydurulmuş şayiələr həm geniş informasiya məkanında yayılır, həm də müxtəlif kanallar vasitəsilə Azərbaycan rəhbərliyinə çatdırılırdı. Amma bizim iradəmizə təsir edə biləcək heç bir qüvvə yox idi və bunu biz dəfələrlə bəyan etmişdik. İşğal dövründə həm mötəbər beynəlxalq kürsülərdən, eyni zamanda, ovaxtkı köçkünlərlə keçirdiyim çoxsaylı görüşlər əsnasında bildirirdim ki, biz işğalla barışmayacağıq və məsələ danışıqlar yolu ilə həll olunmazsa, ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik və belə də oldu.

Birinci dəfə Prezident vəzifəsinə seçiləndən sonra andiçmə mərasimindəki çıxışımda da bildirmişdim ki, bu, bizim üçün əsas məsələdir və ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Hazırlıq dövrü çox çəkdi, bu da təbiidir. Çünki güc yığmalı idik, güc toplamalı idik. Öz haqq işimizi beynəlxalq müstəvidə təsdiqləməli idik, o cümlədən Ermənistan dövlətinin hərbi cinayətləri haqqında məlumatı çatdırmalı idik. Xocalı soyqırımı ilə bağlı həqiqətləri çatdırmalı idik və çatdırmışıq. Son illər ərzində bir çox beynəlxalq təşkilatlar məcburiyyət qarşısında bizim mövqeyimizi, ədalətli mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişdir. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin hüquqi əsasını təşkil etmişdir. Biz bir çox ölkələrlə sıx ikitərəfli münasibətlər, bir çox ölkələrlə strateji tərəfdaşlıq münasibətləri qurduq. Bu da beynəlxalq müstəvidə Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsi həqiqətlərini çatdırmaq üçün imkan yaratmışdır. Heç kimdən asılı olmayan güclü iqtisadiyyat qurduq. Güclü ordu qurduq - həm Ordumuzun peşəkarlığını artırdıq, eyni zamanda, əldə edilən gəlirlər hesabına silah-sursat, texnika aldıq. Yəni hər gün, hər ay biz Qələbəyə doğru addımlayırdıq və mən bunu işğal dövründə dəfələrlə demişdim ki, hər gün biz Qələbəni yaxınlaşdırmalı idik və yaxınlaşdırdıq. Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və biz müharibəni dayandırdıq. Bu gün son iki il yarımlıq tarix göstərir ki, bu, nə qədər düzgün və düşünülmüş addım idi. Düzdür, o vaxt Xocalı, Xankəndi və bəzi digər yaşayış məntəqələri işğaldan azad edilməmişdi, ancaq mən bilirdim və əminəm, Azərbaycan xalqı bilirdi ki, o gün uzaqda deyil. 2023-cü ildə cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində qanunsuz xunta rejimi məhv edildi, işğalçılar torpaqlarımızdan qovuldu, torpaqlarımızda qanunsuz məskunlaşmış 15 minlik erməni ordusu tərk-silah edildi və təslim oldu. Bu da erməni separatçılığına, onların tabutuna vurulmuş son mismar idi. Xocalıya ədalət məhz o vaxt təmin edildi.

Bu gün bu Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir. Çünki mən bunu iki il bundan əvvəl təməlqoyma mərasimində demişdim. Xocalılılarla birlikdə bu kompleksin təməlini qoyduq. O vaxt demişdim ki, Heydər Əliyev Fondu tərəfindən bu layihə çoxdan hazır idi, bax necə var, necə tikilib, elə də nəzərdə tutulmuşdu, Bakıda yer də seçilmişdi və artıq mənim son qərarım lazım idi ki, biz bunun inşasına başlayaq. Məni hər dəfə nə isə bundan çəkindirirdi. Sonra başa düşdüm o nə idi. O da inam idi ki, gün gələcək və bu Memorial Kompleksi biz Xocalıda quracağıq və belə də oldu. Bu Kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır.

Əfsuslar olsun ki, Vətən müharibəsi Ermənistan dövlətinə dərs olmadı. Halbuki 2020-ci ilin Zəfərindən sonra dəfələrlə müxtəlif yollarla Ermənistan rəhbərliyinə biz öz mövqeyimizi çatdırmışdıq – heç kimə güvənməsin, heç kimə bel bağlamasın. Xarici ölkələrin hərbçiləri bizim torpağımızda bizim icazəmizlə müvəqqəti olaraq yerləşiblər. Əgər kimsə hesab edir ki, bu bizi nədənsə çəkindirəcək, səhv edir. Dəfələrlə Ermənistan tərəfinə xəbər göndərmişdik ki, separatçılığa son qoyulsun, qanunsuz xunta rejimi fəaliyyətini dayandırsın, Qarabağ torpağında yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Bunu dəfələrlə bildirmişdik. Hətta internet vasitəsilə reinteqrasiya proqramını təqdim etmişik, amma biz adekvat cavab almamışıq. Əksinə, separatçılar və onların arxasında duran qüvvələr daha da azğınlaşmışdı. 2020-ci ilin Zəfərindən 2023-cü ilin antiterror əməliyyatına qədər buraya dəfələrlə xarici dövlətlərin nümayəndələri qanunsuz gəlmişdilər. Bugünkü mərasimdə o ölkələrin heç adlarını çəkmək istəmirəm. Separatçılara ürək-dirək vermək üçün, onları bizə qarşı yenə də təhrik etmək üçün, Azərbaycan dövlətini, dövlətçiliyini saymamaq üçün tövsiyələr verilirdi, silahlar göndərilirdi, minalar göndərilirdi. Hesab edirdilər ki, xarici dövlətin burada məskunlaşan kontingenti bizi nədənsə çəkindirəcək. Bizi heç nədən çəkindirə bilməzdi və bir neçə saat ərzində davam edən antiterror əməliyyatı bunu bütün dünyaya göstərdi. Bizim iradəmizə qarşı çıxanın başı əziləcək.

Bu gün bu Memorial Kompleksin açılışında Xocalı sakinləri iştirak edir. Onların demək olar ki, hər biri öz yaxınlarını, qohumlarını, doğmalarını itirmişlər, uzun illər ərzində bu ağrı ilə, bu kədərlə yaşamışlar. Öz yaxınlarını itirən, öz torpağını itirən, öz doğma diyarından didərgin salınan insanlarda gör nə qədər iradə olmalı idi ki, bütün bunlara dözə bilsinlər və dözdülər də. Çünki onları saxlayan inam idi, ədalətə inam, dövlətə inam, Ordumuza inam.

Bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük. Çünki bu qədər, - yəni Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruz qalmışdı, - 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız öz mənliyini saxladı, ləyaqətini saxladı, inamını saxladı. Biz bu Memorial Kompleksin açılışında iştirak edərkən bir daha deyirik ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır dünyada. Bu gün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövlətidir, bizim siyasətimizdir.

Mən hələ Vətən müharibəsi dövründə bizim şəhərlərimiz, kəndlərimiz Ermənistan dövləti tərəfindən bombalananda demişdim ki, biz azərbaycanlıyıq, biz müharibəni də müharibənin qaydaları əsasında aparırıq və aparacağıq. Ermənilərdən fərqli olaraq günahsız, əliyalın mülki əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq və bu, bizim xalqımızı daha da ucaltdı. Bu gün xalqımıza, dövlətimizə olan hörmət, o cümlədən məhz buna görədir. O vaxt mən demişdim ki, biz qisasımızı döyüş meydanında alacağıq, aldıq da. Bütün şəhidlərin qisası alındı və bütün şəhidlərin doğmaları, yaxınları üçün bu, müəyyən təsəllidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz onların xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Biz heç vaxt nə Xocalı soyqırımını, nə Ermənistan dövlətinin bizə qarşı törətdiyi başqa hərbi cinayətləri unutmayacağıq. Hər zaman güclü olmalıyıq və olacağıq ki, belə faciələr bir daha təkrarlanmasın.

X X X

Sonra çıxış edən Nərgiz Mahmudova dedi:

-Möhtərəm cənab Prezidentimiz.

Hörmətli tədbir iştirakçıları.

Sizi salamlayıram. Mən də o faciəni 9 yaşımda yaşamışam. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə qəddar ermənilər tərəfindən Xocalı faciəsi törədildi. Həmin vaxt mən ailəmizlə birlikdə evimizdə idik. Atışma baş verən zaman biz kəndin kənarında olduğumuza görə kəndin ortasına gəldik. Dörd bir tərəfdən mühasirəyə alınmışdıq. Biz yol tapa bilmirdik. Üz tutduq meşəyə. Qarqarçay var, oradan keçdik meşəyə, günlərlə meşədə ac-susuz, ayaqyalın, başıaçıq gəzdik, amma yol tapa bilmirdik.

Bir neçə gündən sonra orada atamın bacısı, qardaşımın həyat yoldaşı şəhid oldular. Sonra biz dumanlı, çiskinli havada bilmədən gedib erməni postunun üstünə çıxdıq. Bizi orada mühasirəyə aldılar. Erməni cəlladlar əllərində avtomat yaxınlaşdılar, əmr etdilər ki, əllərinizi qaldırın. Mən qorxudan əlimi qaldıra bilmədim. O gəldi, mənim əllərimi avtomatla qaldırdı. Atam onlara nə qədər yalvardı ki, bu qadınları buraxın getsin, məni aparın öldürün. Onlar ona baxmadılar. Bizi apardılar, tövləyə yığdılar. Biz gördük ki, xocalılılardan orada əsirlər var, bizdən əvvəl də əsir götürüblər. Bizim ən ağır, ən pis günlərimiz elə həmin vaxtdan sonra başladı. Yəni orada olan əsirlərə, öz xocalılılarımıza olmazın işgəncələr verdilər, atamı gözümün qarşısında döyməkləri, dişlərini çəkməkləri – bu, doqquz yaşlı körpənin gözü qarşısında olub. Bu, günlərlə belə davam edəndən sonra biz dəyişdirildik, bizi Ağdama gətirdilər. Orada bizə ilkin tibbi yardım göstəriləndən sonra bizi Bakıya gətirdilər, üç aydan artıq xəstəxanada yatdıq. Donvurma nəticəsində ailə üzvümüzdən beş nəfərin ayağı kəsildi, ikinci qrup əlilik. Mənim atamla anamın ayağının yarası bu günə qədər də sağalmayıb.

Cənab Prezident, bizim burada olmağımızın əsl səbəbi Sizsiniz. Sizə və ailə üzvlərinizə öz dərin təşəkkürümü bildirirəm. Allah sizləri qorusun, Allah sizləri var eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Diqqətiniz üçün çox sağ olun.

X X X

Çıxış edən Anar Əbdülov dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli tədbir iştirakçıları.

Hər birinizi doğma Xocalımdan qürurla salamlayıram.

Həmin gecə, həmin gün Xocalını tərk edərkən mənim də 9 yaşım var idi. Ailə üzvlərimizlə Xocalını tərk etdik və insanlar Ağdama doğru bir ümid işığı ilə yollandılar. Lakin insanlar qarşıda onları nələrin gözlədiyini bilmirdilər. Erməni cəlladlar Xocalı sakinlərinə amansız divan tutdular. Ağdamda olduğumuz müddətdə atam hələ də gəlməmişdi, 5 gün meşədə qalmışdı. Beş gündən sonra atam çox acınacaqlı bir vəziyyətdə gəldi. Atam həmin dövrdə Ağdamda olan Azərbaycan Milli Ordusunun əsgərləri tərəfindən tapılıb gətirilmişdi. Atam, anam və mən bir müddət Bərdədə, babamgildə qaldıqdan sonra Bakıya aparıldıq və orada məskunlaşdırıldıq. Bundan sonra bizim ağır, məşəqqətli məcburi köçkünlük həyatımız başladı.

Həmin dövrlərdə təbii ki, ozamankı hakimiyyətin yarıtmaz fəaliyyəti nəticəsində Xocalı soyqırımına layiqli qiymət verilməmişdi. Təhsildən kənar qalmışdıq. Bakıda Xocalı 2 saylı tam orta məktəbi çətinliklərlə fəaliyyət göstərməyə başladı. Orada təhsilimi davam etdirdim, başa vurdum, ali məktəbə qəbul oldum və oxuduğum məktəbə yenidən müəllim kimi qayıdıb fəaliyyətimi davam etdirdim. Həmin ağır illərdə bütün Xocalı sakinləri kimi, bizim ailəmiz də məşəqqətli günlər yaşayırdı və həmin dövrdəki hakim dairələr Xocalı soyqırımına layiq olan qiyməti vermirdi. Lakin məhz Ulu Öndərimiz Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə Xocalı soyqırımına layiqli siyasi qiyməti verdi. Bundan sonra biz dövlətimizin diqqət və qayğısını öz üzərimizdə hiss etməyə başladıq. Məhz həmin dövrdən sonra Xocalı soyqırımı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Leyla xanımın başçılığı altında bütün dünya ölkələrinə tanıdılmağa başladı və bu da bizi çox sevindirirdi ki, artıq Xocalı həqiqətləri dünya dövlətləri tərəfindən tanınmağa başlayıb. Sevindirici haldır ki, bu gün də dünyanın bir çox ölkələri Xocalı soyqırımını, Xocalı həqiqətlərini tanımaqdadır.

Cənab Prezident, Sizin fəaliyyətiniz nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda bu gün canlanma baş verir. Bu gün azad olunmuş torpaqlara insanlar “Böyük Qayıdış” Proqramı əsasında qayıdırlar və biz də öz doğma Xocalımıza qayıtmışıq. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, mən bu torpaqlara atamla dönməyi arzu edirdim, lakin bu, qismət olmadı. Təəssüf ki, atamın timsalında Xocalı, Vətən həsrəti ilə dünyasını dəyişmiş bir çox insanlar bu torpaqlara qayıda bilmədilər. Lakin buna baxmayaraq, biz buradayıq, biz qayıtmışıq, biz dünyasını dəyişmiş həmin insanların yurdlarına, ata yurdumuza qayıtmışıq və onların sönmüş ocaqlarını alovlandırmaqdayıq. Mən də Sizin “Böyük Qayıdış” Proqramınız əsasında 2025-ci ilin aprel ayında doğma yurduma – Xocalıma qayıtdım və öz sevimli peşəmi - müəllimlik sənətimi burada, öz doğma məktəbimdə yenidən davam etdirirəm.

Biz xocalılılar Sizə böyük minnətdarlığımızı bildiririk. Bu hissləri, bu qüruru bizə yaşatdığınız üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Müqəddəs Ramazan ayında Uca Yaradandan Sizə ailə üzvlərinizlə birlikdə uzun ömür, cansağlığı arzulayıram. Diqqətiniz üçün təşəkkür edirəm.

X X X

Milli Qəhrəman Natiq Qasımovun bacısı Kəmalə Heydərova dedi:

-Əziz Prezidentimiz, hörmətli tədbir iştirakçıları. Hamınızı ürəkdən salamlayıram - ailəmiz adından, öz adımdan və şəhid ailələri adından. Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdiyim üçün çox sevinirəm, qürur hissi duyuram. Çox sağ olun ki, dəvət etmisiniz, bu sevinci bizə yaşadırsınız.

Mən Xocalı torpağına ayaq qoyanda keçirdiyim hissləri söyləmək mümkün deyil. Çünki bu torpaqda mənim qardaşım Natiq Qasımov döyüşüb. O, Rusiyada hərbi xidmətdə olanda erməni vəhşiləri burada azərbaycanlılara zülm edirdilər. O, əsgərlikdən gələndən sonra dayanmadı, gəldi Xocalıya. Onun qəhrəmanlığı haqqında heç nə danışmayacağam, hamı bilir.

Mən Sizə çox təşəkkür edirəm, əziz Prezidentimiz, mənim qardaşıma çox dəyər verdiniz. Ən gözəl adı – “Milli Qəhrəman” adını verdiniz. Onda anam sağ idi. İnanın ki, biz heç bilmirdik, qonşu zəng elədi ki, Natiqə “Milli Qəhrəman” adı verilib. Onun əməyi itmədi. Biz sevinirik ki, belə qəhrəmanlarımızın sayı çoxdur, şükürlər olsun. Heç bir dövlətdə, ölkədə elə bir şey yoxdur ki, 44 günlük müharibədə qalib olsun. Bu, Sizin şücaətiniz sayəsində, şəhidlərimiz, qazilərimiz, veteranlarımız sayəsində oldu.

Bir də onu demək istəyirəm ki, hansı bir ölkədə elə bir şey varmı ki, müharibə olanda həmin ölkənin cavan oğlanları növbəyə dursun. Bax, Azərbaycan elə oldu. Bu, Sizin səmimi çıxışınız əsasında oldu. Mənim oğlumun hərbi xidmət üçün yaşı çox idi, düşmürdü, özü getdi, dedi ki, dayımın qisasını alacağam. Hazırda veterandır. Çox sağ olun, Sizə çox təşəkkür edirəm.

Adı kimi mehriban, əziz Mehriban xanımımız, Birinci vitse-prezidentimiz, televizorda izləyirik, Siz şəhid ailələrini həmişə yad edirsiniz, onların balalarına dayaq olursunuz, çox sağ olun.

Gözəl qızım Leyla xanım ayın əvvəlində Gəncə səfərinə gələndə bizim qonağımız oldu. Biz çox sevindik, ailəmiz çox sevindi. İnanın ki, sevincimizin həddi-hüdudu yox idi. Biz Leyla xanımdan çox xahiş etdik ki, bizim sevincimizi, təşəkkürümüzü Prezidentimizə çatdırsın. Amma Leyla xanım mənə dedi ki, biz sizi görüşdürərik, özünüz təşəkkür edərsiniz. Bu sevinci bizə yaşatdınız, çox sağ olun, Leyla xanım, çox təşəkkür edirəm, var olasınız.

Mən həmişə inanırdım, bilirdim ki, torpaqlarımızın hamısı Sizin sayənizdə azad ediləcək. Amma Xankəndinin, illər öncə verilmiş bir torpağın azad edildiyini eşidəndə daha çox sevindim. 44 günlük müharibədə uşaqlarımız Prezidentə qəhrəmancasına dəstək oldu, əziz Prezidentimiz qalib oldu. Heç bir yerdə belə şey yoxdur.

Biz buraya dünən gəlmişik. İki il bundan qabaq da gəlmişdik, Natiqin döyüşdüyü kilsəyə getmişdik. İki il ərzində gör nə gözəl binalar tikilib, dünəndən gəzirik. Çox sağ olun, təşəkkür edirik. Bu sevinci bizə, dövlətimizə, millətimizə, şəhid ailələrinə yaşatdınız.

Xocalılılarla səmimi söhbət edirik, Allah razı olsun Sizdən, çox sağ olun. Necə təşəkkür edim ki, mənim qardaşıma bu cür dəyər verdiniz. Bir dənə də xahişim var ki, mənim qardaşımın da, - bilirəm bunu üçün çalışırsınız, - nəşi tapılsın, biz də şəhid ailələri kimi ziyarətə gedək. 30 ildən çox vaxt keçib, bizim ziyarət etməyə yerimiz yoxdur. Təkcə onu arzulayırıq, ayrı bir təmənnamız yoxdur.

Çox sağ olun, hamınıza təşəkkür edirəm. Öpürəm sizi Leyla xanım, Allah Sizdən razı olsun, var olasınız. Çox təşəkkür edirəm.

X X X

Çıxışlardan sonra xatirə şəkilləri çəkdirildi.

X X X

Qadın sakin: Bizə bu sevinci yaşatdınız, qürur duyuruq Sizinlə. Cənab Prezident, razı olarsınızmı Sizin boynunuzu qucaqlayıb, üzünüzdən öpüm. Ona görə ki, 2011-ci ildə Siz mənim evimdə çıxış etmisiniz. Siz orada mənə söz verdiniz ki, vaxt gələcək torpaqlarımız alınacaq, sizə bundan da gözəl evlər tikiləcək. Şükür, Allah Sizi qorusun. Allah sənin balalarını, ailəni qorusun. Allah Sizi mərdimazarlardan, düşmənlərdən qorusun. Sizinlə fəxr edirəm.

Digər qadın sakin: Xocalını istəməyərəkdən tərk edənlər - biz xocalılılar həmişə solğun çiçəyə bənzəyirdik. Amma Sizin sayənizdə, Ordumuzun gücü, şəhidlərimizin qanları, canları bahasına, gözəl Qarabağımızın gözəl guşələrindən olan Xocalımız alındı. Biz buraya ayaq basanda mən hiss etdim ki, həmin solmuş çiçəklərimiz artıq canlanıb. Bu gün Sizə, ailənizə minnətdarıq. Bir şəhid gəlini kimi, Xocalı faciəsinin canlı şahidi kimi həmişə Sizə minnətdarıq, dəstəyik.

Prezident İlham Əliyev: Sağ olun.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Xoşbəxt yaşayın. Sağ olun.

Sakin: Sizə minnətdarıq. Bizə göstərdiyiniz diqqətə görə şəhid ailəsi kimi öz təşəkkürümüzü bildiririk. Allah-taala Sizi qorusun. Hər zaman var olun, cənab Prezident.

Prezident İlham Əliyev: Cansağlığı arzulayıram. Sağ olun.

Sakin: Şəhid bacısı kimi, şəhid övladı kimi Sizə öz təşəkkürümü bildirirəm. Bizə bu qüruru yaşatdınız.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Şəhid ailəsi olaraq Sizə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Necə yaşayırsınız burada? Hər şey yaxşıdır?

Sakin: Allah nəsib etsin Sizi evimizdə qonaq görək.

Prezident İlham Əliyev: İnşallah.

Sakin: Sağ olun, var olun.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Xoş gördük Sizi. Mən Xocalıdan Milli Qəhrəman bacısıyam. Sizin atanız Ulu Öndər mənə qardaşımın Milli Qəhrəman vəsiqəsini vermişdi. Əllərindən öpürəm. Sizi də öpürük, bağrımıza basırıq.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Xocalılılar adından çox təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Çox sağ olun, var olasınız.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Sağ olun.

Sakin: Sizinlə fəxr edirəm. Sağ olun, var olun. Həmişə arxanızdayıq.

Prezident İlham Əliyev: Sağ olun.

Kişi sakin: Mən şəxsən Prezidentimlə görüşdüm, arzuma çatdım. Sizin bir dahiyanə sözünüz var: “Atamın vəsiyyətini yerinə yetirdim”. Öpürəm Sizi, var olun.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Oğlum da 44 günlük müharibədə Vətən uğrunda, Sizin uğrunuzda, xalqımın uğrunda şəhid oldu.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Sakin: Allah Sizi qorusun, göydə, yerdə - hər yerdə qorusun.

Prezident İlham Əliyev: Sağ olun.

Deputat Elman Məmmədov: Cənab Prezident gözəl ev tikilib. Bu gecə orada yatmışam.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Elman Məmmədov: Siz dediniz ki, Elman, bu ev tikiləcək. Gəlib burada çay içəcəyik. Tikilib.

Qadın sakin: Allah Sizi qorusun, Sizə qurban olum. Yaxşı ki, Siz varsınız. Qaralan ocağımızı alovlandırdınız, sönən çırağımızı yandırdınız. Sizə minnətdarıq. Dualarımız Sizinlədir.

Prezident İlham Əliyev: Çox sağ olun.

Sakin: Qəbirlərimiz tapdaq altında idi, onu ziyarətə gedirik. “Quran” oxutdururuq, Sizə dua edirik. Mənim kimi anaların duası həmişə Sizin, ailənizin üstünüzdə olsun.

Prezident İlham Əliyev: Sağ olun. Hava da gözəldir.

Qadın sakin: Bəli, biz bu gün sevinirik, cənab Prezident.

Prezident İlham Əliyev: Mən iki il əvvəl – fevralın 26-da gəlmişdim. Soyuq idi onda, təməlini qoyanda... Amma indi görün elə bil ki, yaz havasıdır.

Qadın sakin: Mən buradan 20 yaşımda çıxdım, yeni ailə qurmuş gənclərdən idim. Bu gün mən 3 oğul , 2 gəlin, 4 nəvə ilə qayıtmışam. Çox sevinirəm.

Prezident İlham Əliyev: Şərait yaxşıdır?

Qadın sakin: Çox gözəldir, Sizin sayənizdə, cənab Prezident. Ailənizə minnətdarıq, Sizə minnətdarıq. Biz xocalılılar adından, ailəm adından Sizə minnətdarıq. Biz xocalılıların üzərində Sizin əziyyətiniz danılmazdır.

Prezident İlham Əliyev: Mənim borcum idi.

Qadın sakin: Artıqlaması ilə yerinə yetirildi.

Digər qadın sakin: Ulu Öndərimizin davamçısısınız.

Qadın sakin: Bəli, davamçısı. Allah Sizə həmişə yar olsun. Xocalılıların duasını aldınız. Biz minnətdarıq. Çox xoş oldu ki, Sizinlə belə qarşılaşdıq. Bir üzümüz gülür, bir üzümüz kədərlidir.

Prezident İlham Əliyev: Sağ olun, salamat qalın. Cansağlığı arzulayıram.

Sakinlər: Çox sağ olun.

Qadın sakin: Bu torpaqlardan top-tüfəng səsi yox, həmişə Zəfər paradının səsləri yayılsın.

Prezident İlham Əliyev: Bəli, inşallah, elə də olacaq.

Sakinlər: Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib  YENİLƏNİB-4  VİDEO

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

® Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir

Professor: Filizçay filizinin mürəkkəb tərkibi onun ənənəvi üsullarla zənginləşdirilməsini çətinləşdirir

Marqarita Kərimova-Sokolova: Üzeyir Hacıbəylinin irsi yaşayır, inkişaf edir və insanları davamlı olaraq birləşdirir

Milli Kitabxanada “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib

Müharibədənsonrakı dövrdə 440 nəfər mina qurbanı olub - RƏSMİ