PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəfə telefonla zəng etmişdir.
Dövlətimizin başçısı cənab Müşərrəfi yenidən Prezident seçilməsi münasibətilə təbrik etmiş, dost və qardaş Pakistan xalqının rifahı naminə ali dövlətçilik fəaliyyətində ona uğurlar arzulamışdır.
Pakistan Prezidenti təbrikə və göstərilən diqqətə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirmişdir.
Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə etmişlər.
Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.