Prezidentin xüsusi nümayəndəsi: Soltanlı kəndi strateji mövqeyə malikdir
Bakı, 24 noyabr, AZƏRTAC
Bu gün çox əlamətdar gündür. Soltanlı kəndində növbəti yaşayış məntəqəsinin işğaldan azad olunmuş ərazilərdə təməli qoyulub. Bu, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində aparılan çox genişmiqyaslı işlərin bir hissəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimində bildirib.
“Bilirsiniz ki, proqram çərçivəsində 2026-cı ilə qədər ümumilikdə 100 yaşayış məntəqəsinin bərpa olunması və təxminən 140 min nəfər əhalinin bu ərazilərə köçməsi nəzərdə tutulur. Bütün şəhərin Baş planları üzərində iş başa çatıb. Şəhərlərdə genişmiqyaslı işlər görülür. Füzuli və Laçına əhali artıq köçüb və məskunlaşıb. Soltanlı kəndi də çox strateji mövqeyə malikdir. Kənd 6 mindən çox əhalinin yaşaması üçün şəraitə malik olacaq. Əsas nəqliyyat dəhlizi, logistik mərkəz, o cümlədən azad iqtisadi zonanın yaxınlığında yerləşməsi kəndin planlaşdırılmasını şərtləndirən amillərdən biridir. Eyni zamanda, kəndin işğaldan əvvəl mövcud olmuş nəqliyyat, yol-küçə şəbəkəsi, təbii landşaftı əsas götürülüb. Mümkün qədər bizim memarlıq ənənələrimizdən qidalanaraq həm yerli layihəçilərimiz, həm də macar dostlarımız Macarıstan dövlətinin müvafiq layihəçi şirkəti ilə birlikdə komitənin sifarişi ilə kəndin Baş planını işləyiblər. Burada, eyni zamanda, çoxmənzilli binalar və beşmərtəbəli binalar inşa olunacaq. Kənddə yüksək səviyyədə xəstəxana, məktəb, inzibati bina və bir sıra digər sosial müəssisələr yaradılacaq”, - deyə Vahid Hacıyev əlavə edib.