Qahirədə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən danışılıb
Qahirə, 6 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyində tədbir keçirilib.
Tədbirdə Misirin ictimai-siyasi və elmi dairələrinin təmsilçiləri, jurnalistlər, Ayn-Şəms, Əl-Əzhər və Qahirə universitetlərinin tələbələri, Misirdə yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Səfir Şahin Abdullayev tədbirdə ümummilli lider Heydər Əliyevin həyat yoluna nəzər salaraq rəhbər dövlət vəzifələrində çalışdığı müddətdə onun gördüyü işlər və həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib.
Diplomat 1993-cü ildə - çox çətin bir dövrdə Heydər Əliyevin Azərbaycan xalqının tələbi ilə respublikanın siyasi rəhbərliyinə qayıtdığını xatırladıb və Ümummilli Liderin rəhbərliyi altında qısa müddət ərzində ölkədə ordu və dövlət quruculuğu, daxili sabitlik və təhlükəsizliyin təmin edilməsi, Konstitusiyanın qəbul edilməsi, Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafı, yeni neft-qaz strategiyasının və uzunmüddətli iqtisadi inkişafın əsasının qoyulması kimi çox mühüm tədbirlərin həyata keçirilməsindən danışıb. O, Azərbaycanın müasir inkişafının bu dahi şəxsin adı ilə bağlı olduğunu diqqətə çatdırıb.
Səfir Ümummilli Liderin müəyyən etdiyi siyasi xəttin davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bu gün siyasi, iqtisadi, sosial, humanitar və digər sahələrdə əldə etdiyi nailiyyətlər və inkişafın Azərbaycan modeli haqqında tədbir iştirakçılarına məlumat verib.
Ş.Abdullayev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərən Heydər Əliyev irsinin əbədi olaraq yaddaşlarda xoş xatirələrlə qalacağını vurğulayıb.
Tədbirdə iştirak edən “Əl-Məsəiyyə” qəzetinin baş redaktorunun müavini Məhəmməd Sələmə Azərbaycan xalqının tarixində Heydər Əliyev şəxsiyyətinin əvəzedilməz rol oynadığını diqqətə çatdırıb. Tarixin sınaq dövrlərindən xalqların uğurla çıxmasında şəxsiyyətlərin mühüm rol oynadığını qeyd edən M.Sələmə 1990-cı illərin əvvəllərində Heydər Əliyevin Azərbaycanın rəhbərliyində olmasının Azərbaycan xalqı üçün mühüm bir tarixi nailiyyət olduğunu qeyd edib. O, ümummilli lider Heydər Əliyevin şəxsiyyətinə və onun rəhbərliyi dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərə toxunaraq, digər dövlət xadimlərinin və siyasətçilərin Ulu Öndərlə bağlı fikirlərini səsləndirib.
Misirin ictimai xadimlərindən Əbdürrəhman Səd və Əbdürrəhman Xəmisi ulu öndər Heydər Əliyevlə bağlı fikirlərini bölüşüblər.
Daha sonra tədbirdə Heydər Əliyev haqqında ərəb dilində sənədli film nümayiş etdirilib. Səfir Şahin Abdullayev iştirakçıların ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Misir-Azərbaycan münasibətlərinə dair müxtəlif suallarını cavablandırıb.
Tədbirin sonunda Ayn-Şəms Universitetində Azərbaycan dilini öyrənən misirli tələbələr Ulu Öndərə həsr olunan şeirlər səsləndiriblər.
Bu tədbir Misirin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə