Qanunsuz ağackəsmə faktları ilə bağlı 850 min manata yaxın ziyanın ödənilməsi təmin edilib
Şəki, 27 avqust, AZƏRTAC
2024-cü ildə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələrinə, KİV-də dərc olunan və müxtəlif dövlət qurumları tərəfindən qanunsuz ağackəsmə ilə bağlı verilmiş məlumata baxılmış, araşdırma dövründə 847.503 manat ziyanın ödənilməsi təmin edilmiş, 90 cinayət başlanılmış və aidiyyəti istintaq orqanlarına göndərilmişdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu bu gün Şəki şəhərində "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu" ECOLEAD layihəsi çərçivəsində "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda keçirilən elmi-praktiki konfransda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev bildirib.
“120 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın və 49 təqdimatın əhəmiyyətli hissəsi ekoloji hüquqpozmalarla əlaqəli olub”, - deyə Elnur Musayev əlavə edib.