Qaradağ rayonunda dezinfeksiya işləri görülür
Bakı, 25 mart, AZƏRTAC
Dünyada koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsinin müşahidə olunduğu dövrdə Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi dövlət başçısının diqqət mərkəzindədir.
Qaradağ rayonunda koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə martın 19-da Qaradağ Rayon İcra Hakimiyyətində Koronavirusla mübarizə qərargahı yaradılıb. Bundan əlavə, Qaradağ rayonunda koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunub və əhalinin sosial izolyasiya tədbirlərinə əməl etmələri üçün müvafiq addımlar atılıb.
İcra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Qaradağ rayonunda koronavirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə 984 yaşayış binasında, bu binaların qarşısında olan 75 min kvadratmetr, binalardakı ümumi istifadə yerlərində, 40 min kvadratmetr giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinələri və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, piyada keçidlərində, dükanların qarşısında, ümumi sahəsi 25 min kvadratmetr olan parklarda, dayanacaqlarda və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır. Həmçinin gündəlik olaraq məhəllələrdə oturacaqlar, idman qurğuları, söhbətgahlar, uşaq meydançalarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında da dərmanlanma işləri aparılır. Ümumi sahəsi 250 min kvadratmetr olan küçə və prospektlər xüsusi olaraq dezinfeksiya məhlulları ilə gündəlik yuyulur.
Bundan əlavə, yaşlı nəslin qorunması üçün bütün qəsəbələrdə tənha və aztəminatlı, təqaüddə olan sakinlərə spirt və maskalar paylanılıb. Bütün sakinlərə maksimum dərəcədə evdən çölə çıxma saylarının minimuma endirilməsi, həmçinin hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi barədə məlumatlar verilir.
Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə koronavirus (COVID-19) infeksiyasından qorunmaq üçün və sakinlərin evdə qalmaları üçün təbliğat xarakterli plakatlar hazırlanıb və rayonun bütün ictimai yerlərində, o cümlədən yaşayış binalarının giriş qəfəslərində, dayanacaqlarda, mağaza, dükan və iaşə obyektlərində, yaşayış massivlərində, küçə və digər yerlərdə asılıb.
Rayonun qəsəbələrində dezinfeksiya işlərini aparan 320 nəfərin hər biri lazımi püskürücü texnika, ləvazimatlar, xüsusi geyim formaları ilə təmin edilib. Dezinfeksiya edən şəxslərə bu texnika və ləvazimatların istifadə şərtləri izah edilib, bu şərtlərə ciddi əməl olunmağın vacibliyi bildirilib. Aparılan dezinfeksiya işləri gündəlik nəzarətdə saxlanılır.