Qaradağ rayonunda koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri davam etdirilir
Bakı, 23 mart, AZƏRTAC
Qaradağ rayonunda koronavirus (COVID-19) infeksiyasına qarşı dezinfeksiya işləri davam etdirilir.
Qaradağ Rayon İcra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, rayonda koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə hər gün yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinələri və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, piyada keçidlərində, dükanların qarşısı, parklarda, dayanacaqlarda və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır. Həmçinin gündəlik olaraq məhəllələrdə oturacaqlar, idman qurğuları, söhbətgahlar, uşaq meydançalarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında da dərmanlanma işləri həyata keçirilir. Küçə və prospektlər xüsusi olaraq dezinfeksiya məhlulları ilə yuyulur.
Bundan əlavə, yaşlı nəslin qorunması üçün bütün qəsəbələrdə tənha, aztəminatlı, təqaüddə olan sakinlərə spirt və maskalar paylanılıb. Bütün sakinlərə evdən çöləçıxma saylarını minimuma endirmələrinin, həmçinin şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi barədə məlumatlar verilir.
Koronavirus (COVID-19) infeksiyasından qorunmaq və sakinlərin evdə qalmalarını təşviq etmək üçün Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təbliğat xarakterli plakatlar hazırlanıb və rayonun bütün ictimai yerlərində, o cümlədən yaşayış binalarının giriş qəfəslərində, dayanacaqlarda, mağaza, dükan və iaşə obyektlərində, yaşayış massivlərində, küçə və digər yerlərdə asılıb.