Qax məktəbliləri kamandan oxatma bacarıqlarını sınaqdan keçiriblər
Qax, 2 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Kamandan Oxatma Federasiyası tərəfindən Qax Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplantısı çərçivəsində məktəblilərə kamandan oxatma idman növü üzrə ustad dərsləri keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorundan məlumat verilib.
Tədbirin açılışında rayon gənclər və idman sektorunun baş məsləhətçisi Dinarə Əfəndiyeva çıxış edərək, ustad dərslərinin əsas məqsədinin qədim dövrlərdən xalqımızın mədəniyyətində və döyüş ənənələrində mühüm yer tutan kamandan oxatma sənətini məktəblilərə daha yaxından tanıtmaq olduğunu bildirib.
Daha sonra təcrübəli idmançılar məktəblilərə kamandan oxatma avadanlıqları - kaman, ox və digər yardımçı vasitələr barədə ətraflı məlumat veriblər. Onlar kamandan oxatmanın sadə bir idman növü olmadığını, diqqət və iradəni formalaşdıran bir məktəb kimi böyük əhəmiyyət daşıdığını vurğulayıblar.