CƏMİYYƏT
Qazaxıstan səfiri: Azərbaycanın Qarabağ bölgəsi sülh və tərəqqi regionu olacaq
![Qazaxıstan səfiri: Azərbaycanın Qarabağ bölgəsi sülh və tərəqqi regionu olacaq](/files/2023/2/1200x630/16903777442373920236_1200x630.jpeg)
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı yeni təyin olunmuş səfiri Alim Bayeli ilə görüşüb.
QMİ-nin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfiri təyinatı münasibətilə təbrik edən və ona fəaliyyətində uğurlar diləyən A.Paşazadə dost, qardaş ölkə olan Qazaxıstanla Azərbaycan arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə də əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. O, 20 ildən artıq tarixə malik Dünya və ənənəvi din liderlərinin Katibliyinin üzvü olduğunu, Qazaxıstanın ev sahibliyi etdiyi bu qlobal tədbirin dünyada dinlərarası dialoq və əməkdaşlıq müstəvisində vacib rolunu qeyd edib. Ümummilli Lider Heydər Əliyevin dövründən əsası qoyulan, bu gün Azərbaycan və Qazaxıstanın dövlət rəhbərlərinin birgə səyləri ilə davam və inkişaf etdirilən münasibətlərin xalqlarımızın, dövlətlərimizin ümumi tərəqqisinə, müştərək mənafelərimizə xidmət etdiyini məmnunluqla vurğulayan şeyxülislam bunu yüksək dəyər kimi səciyyələndirib. A.Paşazadə Qazaxıstan paytaxtına hər səfərinin, keçirdiyi görüşlərin qardaş xalqlarımız və dövlətlərimizin mənafelərinə xidmət, ortaq dini-mədəni dəyərlərin qorunub saxlanılması baxımından əhəmiyyətli olduğunu qeyd edib. Astana şəhərində Dünya və ənənəvi din liderlərinin qurultaylarının Katibliyinin sessiyalarının önəmini, sessiya çərçivəsində dünyanın tanınmış dini və ictimai xadimləri ilə görüşlərin dünyada dindən hər hansı məqsədlər üçün sui-istifadə hallarının artmasının qarşısının alınması baxımından əhəmiyyətli olduğunu diqqətə çatdıran A.Paşazadə növbəti sessiyada iştirak üçün dəvət aldığını bildirib.
Görüşdə dinlərarası əməkdaşlıq, dinlər və mədəniyyətlər arası dialoqun perspektivləri ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. QMİ sədri müasir dövrdə türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni sahədə getdikcə daha da dərinləşən qarşılıqlı münasibətlər fonunda müstəqil türk dövlətlərinin dini liderlərinin koordinasiyalı əməkdaşlığının vacibliyini vurğulayıb.
Qazaxıstan səfiri A.Bayel qardaş Azərbaycanda öz ölkəsini təmsil etməkdən məmnun olduğunu diqqətə çatdırıb. Bildirib ki, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın Qarabağ bölgəsi sülh və tərəqqi regionu olacaq. Diplomat vurğulayıb ki, beynəlxalq təhlükəsizliyin zəifləməsi, mənəvi sahədə problemlərin artması, ideoloji təxribat, nifrət çağırışları fonunda dünya ictimaiyyətinin birləşməsində dini liderlərin rolunun artdığını vurğulayıb.