QHT rəhbərləri üçün COP29 ilə bağlı məlumat sessiyası keçirilib
Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 9-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə COP29 Azərbaycan Əməliyyat Şirkəti (ƏŞ) tərəfindən QHT rəhbərləri üçün COP29 ərəfəsində məlumat sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyada Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf qısa açılış nitqi ilə çıxış edib, tədbirin davamında isə Agentliyin digər nümayəndələri və ƏŞ-nin aidiyyəti sahələr üzrə mütəxəssisləri əhatəli çıxışlarla iştirak ediblər.
Görüşdə COP29 konfransı zamanı dayanıqlılıq siyasətləri, müyəssərlik və inklüzivlik məsələləri, Yaşıl Zonada QHT-lər üçün potensial imkanlar, Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının COP29-da iştirak məqsədləri və gözləntilər, tədbir zamanı proqramlaşdırma məsələləri üzrə tövsiyələr kimi mövzular ətrafında müzakirələr aparılıb. Həmçinin əhali arasında dayanıqlılıq istiqamətində səriştələrin, eləcə də məlumatlılıq səviyyəsinin artırılması, COP29 və ümumilikdə yaşıl keçid mövzusunda maarifləndirmə prosesində QHT-lərin mühüm rolu vurğulanıb.
Sessiyanın keçirilməsində məqsəd COP29 çərçivəsində təşkil ediləcək fəaliyyətə dair QHT nümayəndələrinin məlumatlandırılması, onların Yaşıl Zonada iştirakının maksimal səmərəli formada təşkil edilməsi üçün təklif olunan müxtəlif imkanların müzakirəsi, eləcə də ümumilikdə COP prosesi barəsində məlumatların paylaşılmasıdır.
Eyni zamanda, 50-dən artıq QHT nümayəndəsinin iştirak etdiyi informasiya sessiyasında Yaşıl Bölgədə olacaq QHT-lər üçün yaradılan imkanlar mövzusunda məlumatlar verilib, QHT-lərin sualları cavablandırılıb.