REGİONLAR
Qubada keçirilən beynəlxalq konfransda qlobal iqlim dəyişikliklərinin təsirlərinin azaldılması müzakirə olunub
Quba, 17 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Qubada Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və “Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə “Qlobal iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və uyğunlaşdırılması vasitəsilə davamlı kənd təsərrüfatı istehsalının təmin edilməsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda Azərbaycan, Türkiyə, Xorvatiya, Rusiya, Belarus və Ukraynadan müvafiq sahələrdə fəaliyyət göstərən alim və mütəxəssislər iştirak ediblər.
Konfransın əsas məqsədi maraqlı tərəfləri bir araya toplayaraq iqlim dəyişikliklərinin kənd təsərrüfatının meyvəçilik və tərəvəzçilik sahələrinə olan mənfi təsirlərinin azaldılması və mövcud vəziyyətə uyğunlaşma yollarının araşdırılması istiqamətində bilik və təcrübələr mübadiləsindən ibarət olub. Bundan başqa, təşkilatçı institutlar ilə (Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu; “Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” PHŞ) müxtəlif ölkələrin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müvafiq müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulması, mövcud əlaqələrin daha da gücləndirilməsi, birgə həyata keçirilə biləcək elmi-tədqiqat layihələrinin müzakirəsi də konfransın keçirilməsində prioritet məsələlərdəndir.
Konfransda çıxış edən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı bildirib ki, qlobal iqlim dəyişikliyi meyvəçilik sahəsinə də öz təsirini göstərməyə başlayıb. Bu təsirlərin azaldılması və uyğunlaşdırılması hazırda qarşıda duran əsas vəzifələrdən biridir. “Azərbaycanın aqrar iqtisadiyyatında meyvəçilik önəmli sahədir və son dövrlərdə yüksək sürətlə inkişaf edir. Hazırda Azərbaycan meyvəçiliyi inkişaf etmiş ölkələrin meyvəçiliyi ilə müqayisə oluna bilər və əsas hədəfimiz bazarın tələblərinə uyğun, xəstəlik və zərərvericilərə qarşı davamlı və yüksək keyfiyyətli meyvə istehsalını artırmaqdır”, - deyə İ.Qaraqurbanlı diqqətə çatdırıb.
“Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” publik hüquqi şəxsin İdarə heyətinin direktoru Elmar Allahverdiyev qlobal iqlim dəyişikliklərinin təsirlərinin azaldılması məqsədilə elmi-tədqiqat işlərinin aparılmasında yeni yanaşmaların tətbiq edilməyə başlanıldığını vurğulayıb. Əlavə edib ki, ənənəvi yetişdirmə üsullarından daha sürətli və effektiv olan genom məlumatlarından və molekulyar markerlərdən istifadə etməklə patogenlərə qarşı güclü müdafiə mexanizmləri inkişaf etdirilir. “Zaman keçdikcə həşəratlara, virus, bakteriya və göbələklərə, abiotik stres şəraitinə qarşı davamlı, vahid sahədə yüksək məhsul verən keyfiyyətli genotiplərin əldə edilməsi ənənəvi metodlardan daha az istifadə olunmasına gətirib çıxaracaq”.
Konfransda çıxış edənlər bildiriblər ki, bu işlərin davamlılığı üçün yetişdirilən sortların keyfiyyəti artırılmalı, yüksək əlavə dəyəri olan məhsullar becərmə sistemlərinə daxil edilməlidir. Yeni tətbiqlərin mövcud bitki fiziologiyasına təsiri yaxşı təhlil edilməli və innovasiyalara uyğunlaşarkən bitki müxtəlifliyi də qorunub saxlanılmalıdır. Bitki fiziologiyasında baş verən xəstəlik və zərərvericilərin zərərini azaltmağa və hətta aradan qardırmağa yönəlmiş tədqiqatların aparılması da çox vacibdir. Dünyada və respublikada mövcud su ehtiyatlarının sürətlə azalması kənd təsərrüfatında müasir suvarma sistemlərindən istifadənin geniş tətbiqini zərurətə çevirib.