REGİONLAR
Qubada yüz şahmatçının mübarizə apardığı turnirin qalibləri müəyyənləşib
Quba, 28 iyul, Elxan Yusifli, AZƏRTAC
Qubada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmə və gənclər arasında şahmat üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba Uşaq-Gənclər İdman Şahmat Məktəbində təşkil olunan turnirdə 100 nəfər həvəskar şahmatçı qalib adı uğrunda mübarizə aparıb.
Mükafatlandırma mərasimində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımızın xilaskarı, müstəqil Azərbaycanın memarı olduğunu diqqətə çatdırıblar.
Natiqlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyəti dövründə iqtisadiyyatın, təhsilin, elmin, səhiyyənin, idmanın və aqrar sahənin inkişafına verdiyi töhfələrdən, xalqımız qarşısında əvəzsiz xidmətlərindən bəhs ediblər. Eyni zamanda, Ulu Öndərin həyat və fəaliyyətinin gələcək nəsillər üçün örnək olduğunu və onun xatirəsinin hər zaman uca tutulacağını vurğulayıblar.
Müxtəlif yaş kateqoriyaları üzrə qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunublar.