Quraqlıq polşalı arxeoloqlara kömək edib
Bakı, 8 sentyabr, AZƏRTAC
Bu yay Polşada tüğyan edən misli görünməmiş istilər ölkəyə təkcə ziyan vurmayıb, həm də fayda gətirib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Visla çayında suyun səviyyəsinin düşməsi arxeoloqlara kömək edib. Onlar bundan istifadə edərək adətən gəmilərin üzdüyü bu çayın məcrasını öyrənə biliblər.
Arxeoloq Rışard Tsendrovski deyib: “Bizim işimiz suyun səviyyəsinin aşağı düşməsi və adətən suyun altında olan əraziləri üzə çıxaran quraqlıq ilə bağlıdır. Gözümüz qarşısında yatağın çoxsaylı fraqmentləri, adacıqlar, qum təpəcikləri, habelə müxtəlif əşyalar və konstruksiyalar açılıb. Onların bir hissəsi həmişə burada olub, bir hissəsini axın gətirib”.
Onun sözlərinə görə, alimlər qədim sikkələr, keramika, körpü və gəmilər üçün detallar aşkar ediblər. Bundan əlavə, “İsveç tufanı” (isveçlilərin 1655-1660-cı illərdə müdaxiləsi) zamanı Varşavada qarət edilən Kazimirov sarayının XVII əsrə aid dekorasiyalarının fraqmentləri tapılıb. Bütün bunlar böyük dəyər kəsb edir və sonralar ölkənin müxtəlif muzeylərində nümayiş etdiriləcək.