QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA TƏBRİK
Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm.
Ulu Tanrının islami bir din olaraq tamamladığı bu əziz gün insanları saflığa, qardaşlığa və yüksək mənəviyyata çağıran ilahi hikmət rəmzi kimi bütün dünya müsəlmanları tərəfindən geniş qeyd olunur. Müsəlman aləmi əsrlər boyu bu hikmətin işığında dünya sivilizasiyasına neçə-neçə dəyərli töhfələr bəxş etmişdir. Bu bayram islamın bütün ali prinsiplərini özündə birləşdirməklə dərin məna daşıyır, hər bir insanda qüvvətli iman və etiqad, ülvi amal uğrunda hər cür fədakarlığa hazır olmaq duyğusu aşılayır, düzlük və mənəvi saflıq əhvali-ruhiyyəsi tərbiyə edir.
Mübarək Qurban bayramının ölkəmizdə də təntənəli şəkildə qeyd edilməsi Azərbaycan xalqının öz milli-mənəvi dəyərlərinə, dini ənənələrinə sadiq olduğunu əyani şəkildə özündə təcəssüm etdirir. Bu əziz bayram günlərində bir-birinə daha da doğmalaşan həmvətənlərimiz din qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirməkdən sevinc duyur, dualar edir, bəxş etdiyi gözəl nemətlərə görə Böyük Yaradana minnətdarlıqlarını ifadə edirlər. İnanıram ki, ölkəmizin inkişafı, xalqımızın rifahının yüksəldilməsi üçün etdiyiniz dua və niyyətlər, bütün arzularınız gerçəkləşəcək, builki Qurban bayramı daha xoş günlərin müjdəçisi olacaqdır. Azərbaycanın haqq işi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini bu bayram günlərində ehtiramla yad edir, mərhumların yaxınlarına və xalqımıza səbir diləyirəm.
Qurban bayramı insanlar arasında səmimiyyəti artıran və qardaşlıq tellərini gücləndirən gözəl bir vasitədir. Əmin olduğumu bildirmək istəyirəm ki, bu müqəddəs Qurban bayramı bütün Azərbaycan xalqının, ölkəmizin sərhədlərindən uzaqlarda yaşayan soydaşlarımızın bir-birinə olan diqqət və qayğısının artması ilə əlamətdar olacaq, cəmiyyətdə həmrəyliyin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəkdir.
Əziz bayram münasibətilə hər birinizə xoşbəxtlik və cansağlığı, müstəqil Azərbaycanın gələcək inkişafı naminə işlərinizdə uğurlar arzu edirəm.
Bayramınız mübarək olsun!
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
31 yanvar 2004-cü il.