RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA TƏBRİK
Əziz həmvətənlər!
Sizi müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.
Dünya müsəlmanlarının müqəddəs kitabı Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları xeyirxah niyyətlər naminə birliyə dəvət edir, onlara əxlaqi saflığın və zənginliyin, cismani-ruhi kamilliyin fərəhini yaşadır, mənəvi ucalığın nəfs üzərində qələbə təntənəsini nümayiş etdirir.
Xalqımız tarixi boyu həmişə Uca Tanrıya tapınmış, milli köklərinə, dini-mənəvi ənənələrinə daim sadiq olmuşdur. Müstəqillik illərində mütərəqqi islami dəyərlərə qayıdış cəmiyyətimizin əxlaqi-mənəvi yüksəlişinə, xalqımızın bütövlüyü və birliyinə xidmət göstərmişdir. Azərbaycan övladlarının yüksək vətənpərvərliyi, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi uğrunda sarsılmaz mübarizə əzmi də məhz belə milli-mənəvi dəyərlərə sadiqliyin nümunəsidir.
Öz canlarını ölkəmizin müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda qurban vermiş Azərbaycanın qəhrəman övladlarının əziz xatirəsini bu mübarək bayram günlərində bir daha böyük ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirəm.
Əziz bacı və qardaşlarım!
Siz mübarək Ramazan günlərini böyük məmnunluq və fərəh hissləri ilə başa vurursunuz. İnanıram ki, müqəddəs dinimiz yolunda nəcib əməlləriniz, Azərbaycanın əmin-amanlığı və tərəqqisi naminə etdiyiniz dualar sayəsində Ulu Tanrı öz mərhəmətini və şəfqətini xalqımızdan əsirgəməyəcəkdir.
Bu əziz bayram günündə sizin hamınızı və ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızı bir daha təbrik edir, hər birinizə firavanlıq, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Allah orucunuzu qəbul etsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 oktyabr 2007-ci il.