Respublika Gənclər Kitabxanasında Milli Qurtuluş Günü ilə əlaqədar silsilə tədbirlər davam edir
Bakı, 15 iyun, AZƏRTAC
Gənc nəslin vətənpərvərlik tərbiyəsində yaxından iştirak edən, daim Azərbaycan tarixinin əlamətdar günlərinin təbliğatı ilə məşğul olan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar videomateriallar, “Milli qurtuluş-xilas günü” adlı ənənəvi kitab sərgisi və “Milli Qurtuluş Günü-Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı biblioqrafik siyahı hazırlanıb.
AZƏRTAC xəbər verir ki, kitabxananın əməkdaşları tərəfindən hazırlanan videomateriallarda bu tarixin bütün hadisələri ardıcıllıqla əks etdirilir. Videoçarxlarda tarixin o günlərinin ab-havası, xalq içərisində yaşanan gərginlik, xalqın Heydər Əliyevin ətrafında bir yumruq kimi birləşməsi geniş formada, tarixi faktlar və görüntülərlə işıqlandırılıb. Hazırlanan materiallarda, ulu öndər Heydər Əliyevin əzmkar mübarizəsi, müdrik siyasəti sayəsində 15 İyun tarixinin təkcə dövlətçiliyimizin xilası deyil, həmçinin bu tarixin Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirən bir uğurlu siyasətin göstəricisi olduğu bildirilir. Videomateriallarda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, müxtəlif dünya liderlərinin Heydər Əliyev haqqında söylədikləri fikirlər də yer alıb.
Ulu öndərin həyat və fəaliyyəti haqqında yazılan kitabların, bədii əsərlərin, dövrü mətbuat məqalələrinin siyahılarını özündə cəmləyən biblioqrafik siyahıda 15 İyun - Milli Qurtuluş Gününün dövlətçiliyimizin tarixində müstəsna əhəmiyyəti haqqında da məlumat verilib.
“Milli qurtuluş-xilas günü” adlı ənənəvi kitab sərgisində isə Milli Qurtuluş Gününün tarixini, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən kitablar, dövrü mətbuat materialları, kitabxana əməkdaşları tərəfindən hazırlanmış vəsaitlər sərgilənməkdədir.
Sözügedən materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.