MƏDƏNİYYƏT
Respublika Gənclər Kitabxanasında növbəti tədbir Uşaqların Müdafiəsi Gününə həsr edilib
![](/files/galleryphoto/2022/2/1200x630/16540860572854419226_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/165408605731241896_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540860575220349788_1200x630.jpg)
Bakı, 1 iyun, AZƏRTAC
1 İyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günü ilə əlaqədar olaraq Yasamal rayonu Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbin azyaşlı şagirdləri Respublika Gənclər Kitabxanasında qonaq olublar.
AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru Aslan Cəfərov müəllimələr - Fəziylə Cəfərova, Zülfiyyə İsmayılova, Təranə İbrahimova, Zəminə Hüseynova və Vüsalə Abdullayevanın rəhbərliyi altında kitabxanaya gələn məktəbliləri salamlayaraq, onları Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə təbrik edib. O, bu günün tarixi haqqında məlumat verərək, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti sayəsində ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsindən, uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlərin aparılmasından danışıb. Balaca məktəblilərə kiçik yaşlarından kitabı sevməyi, onu qorumağı, asudə vaxtlarında mütaliəyə önəm verməyi tövsiyə edib.
Sonradan 31 nömrəli orta məktəbin şagirdləri xor ilə “Uşaqlıq illəri mahnısını” ifa ediblər, Vətən, təhsil, hərbi vətənpərvərlik mövzularında şerlər söyləyiblər. Məktəbin IV sinif şagirdi Yusif Abbaslı tarda Üzeyir Hacıbəylinin əsərlərindən parçalar səsləndirib.
Sonda direktor Aslan Cəfərov 31 nömrəli məktəbin kitabxanasına kitab hədiyyə edib. Həmçinin uşaqlara “Azərsun Holding”ın əməkdaşı Nərminə Abdullazadə tərəfindən də hədiyyələr verilib.