Respublika şahmat turnirinin zona yarışlarına başlanılıb
Bakı, 20 may, AZƏRTAC
Ümumi təhsil məktəblərinin komandaları arasında respublika şahmat turnirinin zona yarışlarına başlanılıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, turnirin məqsədi ölkəmizdə keçiriləcək Dünya Şahmat Olimpiadasını məktəblilər arasında təbliğ etmək, məktəb kollektivləri arasında sıx əlaqə yaratmaq və məktəblilərin asudə vaxtını səmərəli təşkil etməkdir.
Altı zona (Bakı, Ucar, Quba, Lənkəran, Gəncə, Oğuz) üzrə keçirilən bu mərhələdə rayon mərhələsində birinci yeri tutan məktəb komandaları mübarizə aparır. Ümumilikdə, zona yarışlarına 76 komanda üzrə 304 iştirakçı qatılıb. Hər komandanın tərkibi VIII sinif şagirdi olan bir oğlan, bir qız idmançı, eləcə də bir valideyn və bir müəllimdən ibarətdir.
Zona mərhələsi üzrə I və II yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanacaqlar.
Final mərhələsi mayın 31-də Bakıda keçiriləcək.