Roza Zərgərli Emre Altuğla rus dilində mahnı üzərində əməkdaşlıqdan danışıb VİDEO
Bakı, 24 iyul, AZƏRTAC
Bu ilin noyabr ayında türkiyəli müğənni Emre Altuğ ilə birgə ifa etdiyimiz mahnının rəsmi premyerası keçiriləcək. Tamaşaçılar isə bəstəni ilk dəfə bu gün festival səhnəsində eşidəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə müğənni Roza Zərgərli “Sea Breeze”də keçirilən “DREAM FEST” Beynəlxalq Musiqi Festivalının qırmızı xalısında jurnalistlərə açıqlamasında bildirib.
Türkiyəli müğənni ilə rusdilli mahnı üzərində işləməyin çətin olub-olmaması ilə bağlı sualı cavablandıran Roza Zərgərli əməkdaşlığın son dərəcə rahat keçdiyini deyib.
“Qətiyyən yox. Emre Altuğ ilə işləmək çox asan idi. Digər türkiyəli sənətçilər haqqında fikir bildirə bilmərəm, amma Emre inanılmaz dərəcədə istedadlı insandır. Öz partiyamı yazdım, sonra melodiyanı və onun sözlərini səs yazıcısına oxudum. Təxminən iyirmi dəqiqə sonra o, mənə rus dilində demək olar ki, qüsursuz ifa etdiyi versiyanı göndərdi. Onun möhtəşəm musiqi duyumu var, hər bir intonasiyanı və ümumilikdə musiqini dərindən hiss edir. Düşünürəm ki, o, demək olar, istənilən dildə oxuya bilən sənətçidir”, – deyə müğənni vurğulayıb.
Roza Zərgərli əlavə edib ki, bundan əvvəl müğənni Murad Baykayevlə duetinin premyerası baş tutub və “bu gün o da mənimlə birlikdə səhnəyə çıxacaq”.