RUMINİYA SÜRƏTLƏ İNKİŞAF EDƏN AZƏRBAYCANLA ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR
Əli Əhmədov qonaqları salamlamış, YAP-ın dəvəti ilə Azərbaycana səfər etdiklərinə görə minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, Buxarest şəhərinin mərkəzi parklarından birində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin qoyulmasında xüsusi xidmətləri olmuş cənab Nekulai Ontsanunu Azərbaycanda çox sevirlər. O, dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini uca tutanların qəlbində özünə dərin hörmət qazanmışdır. Buxarestdə ulu öndər Heydər Əliyevin abidəsinin ucaldılması Azərbaycan və rumın xalqlarının dostluq əlaqələrini daha da möhkəmləndirmişdir. Ümid edirik ki, sizin nəcib işiniz və həmçinin də ölkəmizə səfəriniz Azərbaycan ilə Rumıniya arasında, eləcə də Yeni Azərbaycan Partiyası ilə Rumıniya Sosial Demokrat Partiyası arasında münasibətlərin daha da genişlənməsində və möhkəmlənməsində yeni mərhələ olacaqdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətənində olmaqdan şərəf duyduğunu bildirən Nekulai Ontsanu Bakıya dəvətə və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə dərin minnətdarlıq etmişdir. O demişdir ki, Azərbaycanın çox ağır vaxtlarında hakimiyyətə qayıdan Heydər Əliyev xalqına firavan həyat bəxş etmişdir. Prezident seçildikdən sonra andiçmə mərasimində ölkəsində demokratiyanı inkişaf etdirəcəyini bildirən Heydər Əliyev vədinə şərəflə əməl etmişdir. Prezident İlham Əliyev ilə görüşdən sonra bir daha əmin olduq ki, dövlətinizin başçısı ümummilli lider Heydər Əliyevin siyasi xəttini inamla davam etdirir və Azərbaycanın çox böyük, parlaq gələcəyi vardır.
Bu gün Azərbaycan ilə Rumıniya arasında əlaqələr sürətlə inkişaf edir və bu işdə dövlətlərmizin başçılarının müstəsna xidmətləri vardır. Ölkələrimizin rəhbərlərinin qarşılıqlı səfərləri zamanı imzalanmış çoxsaylı sənədlər münasibətlərimizin hərtərəfli inkişafı üçün hüquqi baza yaratmışdır. Bu ilin oktyabrında Rumıniya Prezidenti Trayan Besesku Azərbaycana səfər edəcək və ümid edirik ki, bu səfər əlaqələrimizi daha da genişləndirəcək və möhkəmləndirəcəkdir.
Azərbaycan sürətlə inkişaf edən Avropa ölkəsidir və biz əlaqələrimizin genişlənməsində maraqlıyıq.
Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, parlamentin üzvü Məlahət Həsənova, Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov və digər rəsmi şəxslərin iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.