“RUS DİLİ XALQLAR ARASINDA MƏNƏVİ KÖRPÜDÜR” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 5-də Beynəlxalq Mətbuat Mərkəzində “Rus dili xalqlar arasında mənəvi körpüdür” mövzusunda dəyirmi masa keçirilmişdir.
“Sodrujestvo” Azərbaycan xalqlarının həmrəyliyi cəmiyyətinin Rusiyanın ölkəmizdəki səfirliyi və Rusiya Beynəlxalq Elmi və Mədəni Əməkdaşlıq Mərkəzinin iştirakı ilə təşkil etdiyi dəyirmi masanı Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü, “Literaturnı Azərbaycan” jurnalı redaksiya heyətinin üzvü, şair Alina Talıbova açdı. O, respublikamızda Rus dili ili çərçivəsində keçirilən tədbirlərdən danışmışdı. Qeyd olundu ki, Rus dili ilinin başa çatmasına baxmayaraq, MDB ölkələrində bu dillə bağlı problemlərə həsr olunmuş tədbirlər davam etdiriləcəkdir. Rus dili əsrlər boyu millətlərarası ünsiyyət vasitəsi rolunu oynamış, xalqlar və nəsillər arasında informasiya körpüsü, mədəni və mənəvi körpü olmuşdur.
“Solidarnost” cəmiyyətinin sədri Tatyana Kərimova, Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Svetlana Kosiçkina, Milli Məclisin deputatı, yazıçı Elmira Axundova, Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova, 160 nömrəli klassik gimnaziyanın direktoru Faina Ələkbərova, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin dirijoru, xalq artisti Teymur Göyçayev və ziyalıların, mədəniyyət və elm sahəsinin digər nümayəndələri rus dilinin onların taleyində oynadığı roldan, Bakı mühitində tarixən mövcud olmuş ikidillilik fenomenindən danışdılar. Məhz bu nadir mühit ölkəyə rus dilində yazan bütöv bir şair və yazıçılar nəsli vermişdir.
Tədbirdə Azərbaycanda rus dilinin qorunub saxlanmasına və yayılmasına xüsusi diqqət yetirən “Sodrujestvo” cəmiyyətinin respublikada dəfələrlə ədəbi müsabiqələr keçirdiyi də bildirildi.
Dəyirmi masa iştirakçıları rus dilinə ünsiyyət vasitəsi, habelə Bakıda və bölgələrdə təlimin predmeti kimi də xüsusi olaraq diqqət yetirdilər.