RUS DRAM TEATRINDA YENİ TAMAŞAYA İCTİMAİ BAXIŞ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, 85-ci teatr mövsümündə tamaşaya baxışda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, müəllif Elçin, sənətşünaslar, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Real həyatdan götürülmüş hadisələrə əsaslanan ikihissəli kriminal dramın öz fəlsəfi qaynaqları var, bu qaynaqlar insana xatırladır ki, o, sınağa çəkənlər və sınağa çəkilənlər mühitində yaşayır. Burada üçüncü yol yoxdur. Lakin nə qədər ki, insan öz yolunu keçməyib, çoxsaylı suallara cavab tapmayıb, müşkül vəziyyətdən ləyaqətlə çıxmayıb, bu xatırlatmanın əhəmiyyəti yoxdur.
Pyesin baş qəhrəmanı, əslində, öz tənhalığı ilə bədbəxt olan qadın (əməkdar artist Rita Əmirbəyova) yağışlı gecədə qarşısına çıxan kişinin də (əməkdar artist Səfa Mirzəhəsənov) beləcə tənha olduğunu görür, amma yanılır. Elçinin böyük məharətlə yaratdığı qəhrəmanın daxili aləmi hiylə ilə onun evinə yol tapan alfonsa və oğruya müqavimət göstərməkdə aciz qalır...
Tamaşanın xoreoqrafiyasını xüsusi qeyd etmək lazımdır. Səhnədə qəhrəmanın əhval-ruhiyyəsi və düşdüyü məqamlar pantomim hərəkətləri ilə (teatrın xoreoqrafı Ruqiyyə Quliyeva) açıqlanır. Uzun ehtiras yuxusundan ayılan rahatlıq və tənhalıq, ümidsizlik və insanın daxili aləminin puç olması plastik hərəkətlərlə gözəl ifadə olunur.
Tamaşada aktyorlar Lalə Süleymanova, Naina İbrahimova və Omir Nağıyev maraqlı obrazlar yaratmışlar.
Əsəri rus dilinə yazıçı Səyavuş Məmmədzadə tərcümə etmişdir.