RUSİYA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN TEZLİKLƏ HƏLL EDİLMƏSİNƏ ÇALIŞACAQDIR
Görüş tanışlıq xarakteri daşımışdır.
Nazir qonağı yeni təyinatı münasibətilə təbrik etmiş və Azərbaycan-Rusiya münasibətlərinin inkişafında ona uğurlar arzulamışdır.
General-polkovnik Səfər Əbiyev qeyd etmişdir ki, Azərbaycan Rusiya ilə bir çox istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığını davam etdirir. O demişdir: “Rusiya bizim tarixi qonşumuzdur. Biz hər vəchlə yaxşı qonşuluq ənənələrini qoruyub saxlamalı və inkişaf etdirməliyik. Təsadüfi deyildir ki, MDB Müdafiə Nazirləri Şurasının 50-ci yubiley iclası bu yaxınlarda Bakıda keçirilmişdir. Bu, olduqca faydalı tədbir idi”.
Səfir V.İstratov bildirmişdir ki, mən Azərbaycana səfir təyin edilməyimdən böyük məmnunluq hissi duyuram. İnanıram ki, Rusiya və Azərbaycanın qarşılıqlı münasibətlərinin inkişafına heç nə mane olmayacaqdır. Azərbaycan bütün sahələrdə Rusiyanın tərəfdaşı olmalıdır. Biz bunun üçün əlimizdən gələni edəcəyik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev də bu istiqamətdə çalışırlar. Biz Azərbaycanla hərbi sahədə də əməkdaşlığımızı davam etdirəcəyik.
Azərbaycanın müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunaraq vurğulamışdır ki, biz münaqişənin həllində həmsədr dövlət kimi Rusiya Federasiyasının öz fəallığını daha da artırmasını arzu edirik. Çünki Rusiya bu münaqişənin tarixini və onun necə başlandığını dərindən bilən dövlətdir.
V.İstratov demişdir ki, Cənubi Qafqaz bölgəsində Azərbaycan Rusiya üçün əhəmiyyətli dövlətdir. Rusiya münaqişənin tezliklə həll edilməsinə çalışacaqdır.
Görüşdə tərəflər bütün sahələrdə Azərbaycan-Rusiya əməkdaşlığının perspektivləri barəsində fikir mübadiləsi aparmışlar.