RUSİYALI ALİM RUDOLF İVANOV MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
![]() |
![]() |
Təqdimatda çıxış edən Milli Məclisin deputatı, publisist Elmira Axundova bildirmişdir ki, R.İvanov 27 kitabın, 200-dən çox məqalə və oçerkin, o cümlədən imperator Rusiyası və Qafqazın tarixi, “Bəyazitin müdafiəsi: həqiqət və yalan” sənədli povestinin müəllifidir. Sənədli povestdə təxminən 130 il bundan əvvəl - 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsinin əvvəllərində baş vermiş hadisələrdən söhbət açılır.
Deputat demişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə nəşr edilən kitabda əfsanəvi Naxçıvan xanlarının nəslindən olan sonuncu generalın faciəvi taleyindən söhbət açılır. E.Axundova demişdir: “Düşünürəm ki, Azərbaycan tarixinə dair çox “ağ” ləkələrə işıq salan kitab ərsəyə gəlmişdir. Kitab üzərində iş zamanı Azərbaycan üçün bağlı olan 5 arxivin 600-dən çox materialından istifadə olunması faktı özlüyündə çox mühümdür. Yeni kitab tamamilə dəqiq və obyektiv, Azərbaycan gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması üçün olduqca əhəmiyyəti tarixi sənədli xronikadır”.
R.İvanov jurnalistlərin suallarına cavab verərək bildirmişdir ki, bundan əvvəlki “Əlahəzrətin general-adyutantı” kitabı Azərbaycan dilinə tərcümə olunmuşdur. Həmin kitabda imperator Rusiyasının generalı Hüseyn xan Naxçıvanskidən söhbət açılır. Yeni kitab da Azərbaycan dilinə tərcümə olunacaqdır. Gələcək planlara gəldikdə isə yazıçı Azərbaycan Xalq Cümhuriyyəti haqqında kitab yazmaq niyyətində olduğunu bildirmişdir.

