ELM VƏ TƏHSİL
“Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin açılış mərasimi keçirilib






Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də “Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Təhsil İnstitutunun direktor müavini, layihə direktoru Fuad Qarayev müsabiqənin statistik göstəriciləri ilə bağlı hesabat təqdim edib. Fuad Qarayev 9 istiqamət üzrə qeydiyyatdan keçən, qəbul olunan və qiymətləndirilən layihələr barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, müsabiqə üzrə qeydiyyatdan keçən 654 layihədən 138-i sərgidə iştirak hüququ qazanıb.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov 2012-ci ildən keçirilən müsabiqəyə ölkə miqyasında marağın ildən-ilə artmaqda olduğunu vurğulayıb. Nazir müavini müasir təfəkkürlü və yaradıcı düşüncəli gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, onların yüksək standartlara uyğun tədqiqatçı-mütəxəssis kimi formalaşmasında mühüm rolundan danışıb.
2024-cü il “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qızıl medal mükafatçısı, ABŞ-da təşkil edilən INTEL ISEF beynəlxalq layihə müsabiqəsinin bürünc medal mükafatçısı İbrahim Allahverdiyev qalib olduğu layihənin uğur hekayəsini qonaqlarla bölüşüb və layihə iştirakçılarına göstərilən hərtərəfli dəstəyə görə minnətdarlıq edib.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov belə möhtəşəm tədbirə ev sahibliyi etməkdən məmnun olduğunu vurğulayıb.
Daha sonra deputat Ceyhun Məmmədov müsabiqənin şagirdlərə öz potensiallarını göstərmək və sabahın alimlərinə yeni perspektivlər yaratmaq üçün əvəzolunmaz imkan təqdim etdiyini söyləyib.
Tədbirin sonunda musiqi nömrəsi nümayiş etdirilib.
Tədbirin rəsmi hissəsindən sonra qonaqlar finalçıların layihələri ilə tanış olublar.
Qeyd edək ki, müsabiqədə növbəti 2 gün ərzində şagirdlərin 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə elmi-tədqiqat layihələri dəyərləndiriləcək. Bununla yanaşı, qaliblər sırasından seçilən məktəblilər ABŞ-da keçirilən sərgidə ölkəmizi təmsil edəcəklər.
Müsabiqənin keçirilməsində məqsəd elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdləri aşkara çıxarmaq, onlarda tənqidi düşünmə, problem həlletmə, vaxtın idarə olunması, natiqlik və ünsiyyət kimi bacarıqları inkişaf etdirmək, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumi təhsil müəssisələri arasında əlaqələri genişləndirmək, həmçinin şagirdlərin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsini təmin etməkdir.