Sabirabadda yanğın təhlükəli yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb






Bakı, 11 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sabirabad rayonunun Həşimxanlı kəndində yerləşən yanacaqdoldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Yoxlama zamanı obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun, eləcə də elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmadığı, o cümlədən yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilmədiyi, işıqlandırıcı cihazların qapalı plafona keçirilmədiyi məlum olub. Həmçinin obyektin ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, mövcud odsöndürən balonların yenisi ilə əvəz olunmadığı, müəssisənin daxilində yerləşən elektrik şitinin təmiz saxlanılmadığı aşkarlanıb.
Mövcud vəziyyət obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğının qısa müddətdə genişlənərək faciəni qaçılmaz edə biləcəyini göstərir.
Bütün bunları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.