Sağlamlıq imkanı məhdud uşaqların təhsil alacağı məktəbi komissiya müəyyənləşdirir
Bakı, 11 mart, AZƏRTAC
Təhsil Nazirliyi Bakı şəhərində sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu qaydasını açıqlayıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün valideynlər ilkin olaraq mektebeqebul.edu.az saytında qeydiyyatdan keçib, xüsusi təhsil formasını seçməlidirlər. Bundan sonra valideyn şəxsi kabinetində tələb olunan sənədlərlə (valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti, tibbi arayış, 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və yaşayış yerindən arayış) birlikdə mayın 1-dən etibarən həftənin III və V günləri Nəsimi rayonu 268 nömrəli xüsusi məktəbdə (Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 38) təşkil olunmuş pedaqoji-tibbi-psixoloji komissiyaya müraciət etməlidir. Valideynlər komissiyaya uşağı da gətirməlidirlər.
Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün məktəbi valideynin yaşayış ərazisinə uyğun olaraq pedaqoji-tibbi-psixoloji komissiya müəyyənləşdirir və məktəbə sorğu avtomatik olaraq komissiyanın bazasından inteqrasiya olunur.
Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.