Sahibkarlar onlara göstərilən diqqət və qayğıdan razı qalıblar
Bakı, 29 mart, AZƏRTAC
Martın 26-da paytaxtın Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 181 nəfər zərər çəkib, mərkəzin ətrafında isə 240 obyektə ziyan dəyib.
Prezident İlham Əliyev ilk gündən məsələni nəzarətə götürərək müşavirə keçirdi, zərərçəkənlərə dövlət dəstəyi göstərilməsi üçün komissiya yaradılması barədə göstəriş verdi. Dövlət başçısı böyük humanist addım ataraq onlara kompensasiya ödənilməsi barədə Sərəncam verib. Ölkə başçısının bu reaksiyası sahibkarlar və sadə vətəndaşlar arasında böyük rəğbət doğurub.
AZƏRTAC xəbər verir ki, yanğın hadisəsi zamanı zərər çəkən Elmira Axundova onlara göstərilən diqqət və qayğını yüksək dəyərləndirərək deyib: “Prezidentin məsələyə müdaxilə edəcəyini hiss etmişdim, çünki o, belə hadisələr zamanı zərərçəkənlərin problemlərinə həmişə həssas münasibət göstərir. Son vaxtlar zəlzələ nəticəsində zərərçəkənlərə, eləcə də problemli kreditlərdən əziyyət çəkənlərə qarşı məhz belə addımlar atıb”.
O, daha sonra deyib: “Ticarət mərkəzində idman geyimləri satmaqla məşğul idim. Hadisə nəticəsində təxminən 40 min manatlıq ziyana düşmüşəm. Prezident İlham Əliyev problemin ağırlığını dövlətin üzərinə götürməsi barədə verdiyi qərar hadisə nəticəsində zərər çəkən hər kəsin ürəyindən oldu. Bu diqqət və qayğıya görə, bir daha öz təşəkkürümüzü bildiririk. O, bu addımı ilə xalqın problemlərinə necə həssas yanaşdığını və onun mənafeyinin müdafiəçisi olduğunu bir daha sübut etdi”.