CƏMİYYƏT
Sahil Babayev Zaqatalada vətəndaşların müraciətlərini dinləyib
Bakı, 28 iyul, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Zaqatala rayonunda Zaqatala və Balakən rayonlarının sakinləri ilə görüşüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbuldan əvvəl Sahil Babayev və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qəbul zamanı vətəndaşlar aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq proqramına cəlb edilmə, ünvanlı sosial yardım, mənzil təminatı, əlillik və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.
Hər bir müraciət fərdi qaydada araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb.
Vətəndaşlar müraciətlərinə əsasən aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq, ictimai işlər proqramlarına, reabilitasiya xidmətlərinə cəlb edilmələri üçün qeydiyyata alınıblar. Sorğu xarakterli müraciətlərlə bağlı müvafiq mövzularda izahatlar verilib.