ELM VƏ TƏHSİL
Şamaxı Astrofizika Rəsədxanasında olimpiadaya hazırlıq düşərgəsi
![](/files/galleryphoto/2023/2/1200x630/16905539494534362578_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/2/1200x630/1690553949751231723_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/2/1200x630/16905539494483942714_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16905539494316524401_1200x630.jpg)
Bakı, 28 iyul, AZƏRTAC
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında məktəblilər üçün hazırlıq düşərgəsi keçirilib. Düşərgədə Polşada keçiriləcək XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycanı təmsil edəcək şagirdlər iştirak edib.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.
Hazırlıq düşərgəsinin keçirilməsində əsas məqsəd Azərbaycan komandasının olimpiadaya hazırlıq prosesinin təkmilləşdirilməsi, iştirakçıların nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi, sürətli düşünmə və qərar vermə bacarıqlarının inkişaf etdirilməsidir.
Rəsədxananın Baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov düşərgə iştirakçıları ilə görüşüb. O, beynəlxalq olimpiadalarda əldə olunan təcrübənin gələcəkdə daha böyük nailiyyətlərə imkan yaradacağına inamını ifadə edib.
Rəsədxananın fəaliyyəti, əsas elmi istiqamətləri və perspektiv imkanları barədə geniş məlumat verən N.Cəlilov məktəblilərin astronomiyaya yanaşmaları ilə maraqlanıb. Alim astronomiyanın orta ümumtəhsil məktəblərində tədris olunmamasına rəğmən bu elmə maraq göstərən şagirdlərə hər zaman dəstək olacaqlarını xüsusi vurğulayıb.
Düşərgədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov olimpiadaya hazırlıq dərsləri keçib. Həmçinin olimpiadanın ötənilki mükafatçılarından, Sinqapurun Nanyanq Texnoloji Universitetinin tələbəsi Vaqif Əliyevlə bərabər olimpiada məsələlərinin həllinə baxılıb. İnteraktiv formada təşkil olunan dərslərdə şagirdlərə olimpiadalara effektiv hazırlaşma metodikası öyrədilib, fənn olimpiadalarının mövzularının asan qavranılması üçün sadə üsullarla izahlar və həll yolları göstərilib.
Düşərgə iştirakçıları həm də rəsədxananın teleskopları ilə tanış olublar. Onlara teleskoplarla aparılan elmi-tədqiqat işləri haqqında geniş məlumat verilib. Şagirdlər gecə müşahidələrində iştirak ediblər.
Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq düşərgəsi Şamaxı Astrofizika Rəsədxanasının və Tusi-Bohm Planetariumun dəstəyi ilə təşkil olunub.