Səbaildə ümumrayon iməciliyi keçirilib
Bakı, 8 aprel, AZƏRTAC
Səbail Rayon İcra Hakimiyyəti və Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə “Dostluq parkı” ərazisində və həmin əraziyə daxil olan Veloparkda ümumrayon iməciliyi keçirilib. Xatırlatmaq yerinə düşər ki, park xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində salınıb.
AZƏRTAC xəbər verir ki, iməcilikdə YAP Səbail rayon təşkilatının, ayrı-ayrı idarə və müəssisələrin, əmək kollektivlərinin nümayəndələri, Dövlət Pedaqoji və İqtisad Universitetlərinin tələbələri, orta məktəb şagirdləri və başqaları iştirak ediblər.
Parkın bütün ərazisini əhatə edən iməcilikdə daş və digər tullantılar bir yerə yığılaraq texnika vasitəsilə daşınıb. Gənclər və məktəblilər velosiped yollarını, küləyin parkın ərazisinə gətirdiyi sellofan və kağız parçalarını təmizləyiblər. Əvvəllər əkilmiş ağacların dibi bellənib, qurumuş budaqlar budanıb, parkdakı alaq otları yığışdırılıb.
Rayon icra hakimiyyəti və Velosiped Federasiyası rəhbərlərinin iştirakı ilə keçirilən iməcilikdə mindən çox ağac, o cümlədən Eldar şamı və zeytun, dekorativ kollar əkilib və onların inkişafını təmin etmək üçün damcı üsulu ilə suvarma xətləri çəkilib.
Yaşıllıqlara qulluq, təmizlik və abadlıq məqsədi ilə keçirilən iməcilikdə min nəfərdən çox rayon sakini iştirak edib və tədbirin davamlı xarakter alması nəzərdə tutulub.
“Dostluq parkı”ndakı iməcilik ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində onun xatirəsinə ehtiram ifadəsi daşıyıb.