Şəkidə baş verən zəlzələdən sonra ərazidə aparılan monitorinqin ilkin nəticələri açıqlanıb [YENİLƏNİB]
Bakı, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzində Şəkidə baş verən zəlzələ ilə bağlı mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında RSXM-in baş direktoru Qurban Yetirmişli Şəkidə baş vermiş zəlzələdən sonra ərazidə aparılan monitorinqin ilkin nəticələrini açıqlayıb.
Q.Yetirmişli deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən mütəxəssislərimiz Şəki və digər zəlzələ baş vermiş ərazilərə cəlb olunublar. Onlar orada bir sıra profillər üzrə işlər aparır, o cümlədən ocaqda gedən prosesləri müşahidə edirlər.
RSXM-in direktoru 1953-1963-cü illərdə, daha sonra 2003-cü ildə bu bölgədə 6-5 bal gücündə zəlzələlər baş verdiyini diqqətə çatdırıb.
O qeyd edib ki, sentyabrın 4-dən indiyədək 50-ə yaxın afterşok baş verib. Bunlar zəif təkanlardır. Proses gedir və enerji boşalır. Həmin ərazidə güclü zəlzələ gözlənilmir. Hiss olunan təkanlar ola bilər. Amma həmin ocaqda yenidən yeddi bal gücündə zəlzələ olması sıfıra bərabərdir.
Azərbaycanın seysmik zonada yerləşdiyini qeyd edən Q.Yetirmişli qabaqcadan hansı bölgədə zəlzələnin baş verməsini proqnozlaşdırmağın mümkün olmadığını vurğulayıb: “Şəkidə baş verən zəlzələnin digər ocaqları oyatmaq ehtimalı ola bilər. Elə zonalar var ki, gərgin vəziyyətdədir. Məsələn, Şamaxı-İsmayıllı zonası ən aktiv zonadır, ən çox təkanlar da burada olur. Bu zonada tarixən güclü zəlzələlər olub. Bununla belə, dəqiq proqnoz vermək mümkün deyil”.
Qeyd edək ki, sentyabrın 4-də yerli vaxtla saat 09:49-da Şəki rayonu ərazisində zəlzələ baş vermişdi. Şəkidən 29 kilometr cənub-şərqdə qeydə alınan yeraltı təkan episentrdə 7 bala qədər, ətraf rayonlarda 6-5-4 və 3 bala qədər hiss olunmuşdu.