ŞƏKİLİLƏR ÖLKƏDƏ APARILAN QURUCULUQ PROSESİNİN FƏAL İŞTİRAKÇILARIDIRLAR
Rayon fəallarının iştirakı ilə keçirilən şuranın geniş iclasında Şəki şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov məruzə etmişdir.
Natiq qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə iyulun 31-də Prezident Sarayında Nazirlər Kabinetinin 2006-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasda dövlətimizin başçısı giriş və yekun nitqində ölkə üzrə əldə edilən sosial-iqtisadi uğurları, bu sahədə qorunub saxlanılan dinamik inkişafın mahiyyətini əsaslandırılmış faktlarla qeyd etməklə yanaşı, hələ də mövcud problemlərdən danışmış, onları doğuran obyektiv və subyektiv səbəbləri açıqlamış, hökumət üzvlərinə və digər icra strukturlarına göstəriş, tapşırıq və tövsiyələrini vermişdir. Bugünkü şura iclasının da əsas məqsədi ölkəmizin başçısının bu müşavirədəki nitqindən irəli gələn vəzifələrin aidiyyəti strukturlara, geniş ictimaiyyətə çatdırmaq, cari ilin ilk 6 ayında Şəkidə görülən işlərə bir daha nəzər salmaqla, qazanılan uğurlar barədə danışmaq, habelə problemlərin həlli yollarını müzakirə etməkdən ibarətdir.
Məruzədə ilin birinci yarısında Azərbaycanın iqtisadi inkişaf tempinə görə nəinki bölgədə, eləcə də bütün dünyada öz liderliyini qoruyub saxladığını konkret faktlarla diqqətə çatdıran icra başçısı, respublikanın hər bir vətəndaşı kimi, şəkililərin də ölkədə aparılan quruculuq prosesinin fəal iştirakçıları olduğunu xüsusi vurğulamışdır.
Natiq qeyd etmişdir ki, hesabat dövründə Şəkidə 67 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz çoxdur. Həmin dövrdə Şəkidə sənaye məhsulu istehsalı 31 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 13 faiz, ticarət xidmətlərinin həcmi, həmçinin adambaşına düşən məhsul istehsalı 14 faiz artmışdır. İlin birinci yarısında Şəkidə əsas kapitala sərmayə qoyuluşu 31,4 milyon manat təşkil etmişdir. İstehsal olunan məhsulun 24 faizi dövlət, 76 faizi isə özəl bölmənin payına düşür.
Çətin hava şəraitinə baxmayaraq əvvəlki illərdə olduğu kimi, cari ildə də Şəkidə taxıl istehsalı 100 min ton həddini keçmişdir. Keçən ilin eyni dövrünə nisbətən qaramalın sayı 825 baş, davarın sayı isə 3239 baş artmış, ət, süd, yumurta və yun istehsalı xeyli çoxalmışdır.
Məruzədə qeyd olunmuşdur ki, Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı hər yerdə olduğu kimi, Şəkidə də uğurla yerinə yetirilir. Proqramda nəzərdə tutulan tədbirlərin icrasına başlanandan, yəni 2003-cü ilin oktyabrından 2006-cı ilin iyulun 1-dək Şəkidə 12710 yeni iş yeri açılmışdır ki, bunun da 4062-si və ya 32 faizi daimi iş yerləridir. Cari ilin ilk 6 ayında isə rayonda 484-ü daimi olmaqla, 3212 yeni iş yeri yaradılmışdır.
Natiq daha sonra qeyd etmişdir ki, Prezident İlham Əliyevin müvafiq Dövlət Proqramının icra vəziyyəti ilə yaxından tanış olmaq məqsədi ilə bölgələrə səfərləri bir daha sübut edir ki, ölkəmizin başçısı əsas diqqəti əhalinin maddi rifahının yaxşılaşdırılmasına yönəltmişdir. Əhali ilə keçirilən görüşlər, problemlərin yerindəcə öyrənilməsi və araşdırılması, sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair tapşırıq və tövsiyələr mühüm əhəmiyyətə malikdir.
Məruzədə xüsusi vurğulanmışdır ki, regionlara səfər proqramı çərçivəsində Prezident İlham Əliyevin cari il aprelin 13-də Şəkiyə səfəri, keçirdiyi görüşlər, söylədiyi hər bir söz Şəki əhalisi üçün olduqca əhəmiyyətlidir. Prezidentin “Şəkidə olarkən görürəm ki, burada quruculuq, abadlıq işləri çox yaxşı səviyyədə gedir. Binalar təmir olunur, yeniləri tikilir. Azərbaycan memarlığının ən gözəl nümunələrindən biri olan Xan sarayı təmir edilibdir… Şəki çox gözəl şəhərdir, qədim şəhərdir. Əlbəttə, biz çalışmalıyıq ki, bu şəhəri həmişə belə abad vəziyyətdə saxlayaq” fikirləri Şəki vətəndaşlarını yeni-yeni uğurlar qazanmağa ruhlandırır.
Çox sevindirici haldır ki, bölgəyə səfərindən sonra Azərbaycan Prezidenti Şəki şəhərinin, Balakən, Qax və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Sərəncam imzalamışdır. Yalnız Şəki ilə bağlı 16 maddədə ehtiva olunan bu tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən ayırmaların, icraya məsul strukturların özlərinin və digər mənbələrin hesabına 11 milyon 714 min manat vəsait nəzərdə tutulmuşdur. Bu rəqəm Şəkinin cari il üçün nəzərdə tutulan yerli büdcəsinə demək olar ki, bərabərdir.
Şura iclasında çıxış edənlər birmənalı şəkildə qeyd etmişlər ki, şəkililər Azərbaycan Prezidentinin etimadını, həssas münasibətini bundan sonra da yaxşı işləri ilə doğrultmağa çalışacaqlar.
Məruzə ətrafında müzakirələrdən sonra iclas iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Şura iclasında Prezidentin İcra Aparatının məsul işçisi Məhərrəm Quliyev iştirak etmişdir.