Şərqşünas alimlərimiz Mirzə Kazım bəyə həsr olunan beynəlxalq konfransda iştirak ediblər
Bakı, 1 mart, AZƏRTAC
Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala və Dərbənd şəhərlərində Rusiya şərqşünaslıq elminin banilərindən biri, dünya şöhrətli alim, həmyerlimiz Mirzə Məhəmməd Əli Kazım bəyin (1802-1870) həyat və yaradıcılığına həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Dağıstan Humanitar İnstitutu, Sankt-Peterburq Dövlət Universiteti və Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfransda Moskva, Sankt-Peterburq, Kazan, Ufa, Nijni Novqorod, Mahaçqala və digər şəhərlərdən, həmçinin Azərbaycan, Türkiyə, Özbəkistan və Yəməndən tarixçi və şərqşünas alimlər iştirak ediblər.
AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, Azərbaycanı beynəlxalq tədbirdə direktor müavini, akademik Şahin Mustafayev, ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov təmsil ediblər.
Konfransda “Mirzə Kazım bəyin türk xalqlarının tarixinə dair tədqiqatları” mövzusunda çıxış edən akademik Şahin Mustafayev bu böyük alimin XIX əsrin birinci yarısında Rusiyada türkologiya, tarixşünaslıq və osmanlışünaslıq elmlərinin əsaslarını qoyması, həyatının Kazan dövründə Osmanlı türkləri, Krım və Edil-Volqa tatarları və uyğurlar kimi bəzi türk xalqlarının orta əsrlər tarixinə dair qələmə aldığı bir sıra sanballı əsərləri barədə məlumat verib və onların rus və Avropa şərqşünaslığında önəmli yer tutduğunu qeyd edib.
Fərda Əsədovun məruzəsi Mirzə Kazım bəyin 1850-ci ildə Azərbaycan türkcəsində orijinal mətnini və ingilis dilinə tərcüməsini hazırlayıb nəşr etdirdiyi “Dərbəndnamə” əsərində bəzi mühüm tarixi hadisə və terminlərin izahına həsr edilib. Hər iki alimin çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb və canlı müzakirələrə səbəb olub.
Akademik Şahin Mustafayev konfransla əlaqədar Dağıstan dövlət televiziyasında hazırlanan proqramda da iştirak edərək, Mirzə Kazım bəyin həyat və yaradıcılığı, onun Rusiya və dünya şərqşünaslıq elminə bəxş etdiyi misilsiz töhfələr haqqında məlumat verib.