Şimal rayonlarında 12 yeni məktəb binası inşa olunur
Quba, 14 iyul, Elxan Yusifli, AZƏRTAC
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əhatə etdiyi şimal rayonları üzrə hazırda 5-i modul tipli olmaqla, 12 yeni məktəb binası inşa olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmazda Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin binasında əsaslı təmir işləri aparılmaqla yanaşı, təhsil ocağı üçün 3 mərtəbəli yeni korpusu və idman zalı tikilib. Rayonda daha bir məktəb binası Palçıqoba kəndində inşa olunmaqdadır. Müasir təhsil ocağı 360 yerlikdir. Rayonun Şıxlar və Mollabürhan kəndlərində isə modul tipli təhsil ocaqları quraşdırılır.
Quba rayonunda isə hazırda 4 təhsil ocağı üçün yeni bina inşa olunur. Bu təhsil ocaqları Bağbanlı qəsəbəsində, Vəlvələ, Digah və Pirvahid kəndlərindədir. Bundan başqa, dağlıq ərazidə yerləşən Zıxır və Qələduz kəndlərində modul tipli məktəblərin quraşdırılmasına başlanılıb.
Qusar rayonunda Dair Şahbazov adına Hil Sirt kənd ümumi orta məktəbi üçün quraşdırılan modul tipli məktəbin də yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2002-ci ildən bu günə kimi şimal bölgəsində, ümumilikdə 21 məktəb binası yenilənib. Yeni məktəblərdən 17-si modul tiplidir. Bu məktəblərin 8-i Quba, 7-si Xaçmaz, 4-ü Qusar, 2-si Şabran, 1-i isə Siyəzən rayonunda inşa olunub.
Yeni binaların inşası ilə yanaşı məktəblərdə təmir işləri də davam etdirilir. Hazırda şimal rayonlarındakı 39 təhsil ocağında cari təmir işləri aparılır.