Sinxua agentliyi Azərbaycanda ən iri istilik elektrik stansiyasının təməlqoyma mərasimindən yazır
Bakı, 14 fevral, AZƏRTAC
Çinin Sinxua agentliyinin saytında Azərbaycanda müstəqillik dövrünün 1280 MVt gücündə yeni ən iri istilik elektrik stansiyasının təməlqoyma mərasimi barədə material dərc edilib.
Agentlik AZƏRTAC-a istinadla həmin mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından sitat gətirir: “Əminəm ki, biz yaxın zamanlarda - 2025-ci ildə bu stansiyanın açılışını qeyd edəcəyik. Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq”.
Materialda qeyd olunur ki, Prezident İlham Əliyev Mingəçevir şəhərində “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernləşdirilməsi barədə Sərəncam verib. Vurğulanır ki, Sərəncama əsasən, 7-ci və 8-ci enerji bloklarının gücünün daha 1280 MVt artırılması üçün müasir texnologiyalar tətbiq olunmaqla, “Azərbaycan” İES-in rasional modernləşdirilməsi planlaşdırılır.
Materialda diqqətə çatdırılır ki, “Azərbaycan” İES hər birinin gücü 300 meqavat olan 8 bloka malikdir. Azərbaycanda istehsal olunan bütün elektrik enerjisinin təqribən 45 faizi bu stansiyanın payına düşür.
Azərbaycan dövlətinin başçısı əlavə edib ki, bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat yarandığından, bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.