Şirvanda ağsaqqal və ziyalılarla görüş olub
Şirvan, 10 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan şəhərində ziyalılar və ağsaqqallarla görüş olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması ilə bağlı ölkə Prezidenti İlham Əliyevin Sərəncamına əsasən idarə, müəssisə və təşkilatlarda, səhiyyə, təhsil və mədəniyyət ocaqlarında Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən danışıb. Bildirib ki, ömrünü xalqına həsr edən, dövləti üçün misilsiz xidmətlər göstərən Ulu Öndərin əziz xatirəsi daim ehtiramla yad edilir. Görüş zamanı qeyd edilib ki, bu gün dəyərli ağsaqqallar, ziyalılar ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir, vətənimizin tərəqqisi, yüksəlişi üçün çalışırlar və yeniyetmə və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyəsində üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Bildirilib ki, 2023-cü ildə yaradılmasının 60 ili tamam olan Şirvan, eyni zamanda, ziyalılar şəhəridir. Ziyalılarla belə görüşlərin təşkil edilməsində əsas məqsəd, ölkə Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ağsaqqalların fikirlərini öyrənmək, şəhərdə olan problemlər barədə məlumat almaq, onların həlli istiqamətində təklifləri dinləməkdir.
Şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, Milli Məclisin deputatı İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov və çıxış edən digər ziyalılar ölkəmizdə, eləcə də şəhərimizdə aparılan abadlıq-quruculuq işlərinin həyata keçirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mütərəqqi addımlar atan ölkə Prezidenti İlham Əliyevə ağsaqqallar və ziyalılar adından dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, əsas vəzifəmiz müasir gəncliyimizi sağlam ruhda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək, cəmiyyətimizi narahat edən məsələlərin həllində fəal iştirak etməkdir.
Görüşdə iştirak edən ağsaqqallar şəhərin inkişafı naminə və Şirvan şəhərinin 60 illik yubileyi ilə əlaqədar öz təklif və fikirlərini səsləndiriblər.
Sonda icra başçısı tədbir iştirakçılarına 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi”nin xatirə hədiyyəsini təqdim edib.