SLOVAKİYADA 3 MEDAL QAZANILMIŞDIR
Azərbaycan gimnastı Anna Qurbanova Slovakiyada keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirdə 1 gümüş və 2 bürünc medal qazanmışdır. Respublika Gimnastika Federasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, gimnast ikinci yerə iplə hərəkətlərinə görə layiq görülmüşdür. Gürz və lentlə kompozisiyalara görə isə üçüncü yeri tutmuşdur.
A.Qurbanova demişdir: “Bratislava turniri iştirakçılarının sayına görə ən reytinqli yarışlardan biri sayılır. Turnirdə mənimlə birlikdə rusiyalı Yevgeniya Kanayeva, bolqar Elizabet Paisiyeva və başqaları iştirak edirdilər. Sevindirici haldır ki, yarışların qalibi Kanayeva ilə rəqabət apardım, Paiseyevanı isə arxada qoya bildim”.
Bakıda keçiriləcək Avropa yay çempionatına hazırlaşan Azərbaycanın yeniyetmə gimnastlardan ibarət qrup komandası da Slovakiya yarışlarında yaxşı təsir bağışlamışdır. Nigar Mirzəyeva, Ceyla Quliyeva, Esmira Orucova, Əzizə Səlimbəyova, Cəmilə Hüseynova və Aelita Xələfovadan ibarət qrup həm çoxnövçülükdə, həm də finalda 5 cüt gürzlə 5-ci nəticə göstərmişdir. İlk 3 yeri Rusiya, Belarus və Slovakiya komandaları tutmuş, 4-cü yerə isə Yunanıstan kollektivi çıxmışdır.
Daha bir gimnastımız - Zeynəb Cavadlı Riqada keçirilən beynəlxalq turnirdə çıxış etmişdir. O, ən yaxşı nəticələrini gürz və lentlə hərəkətlərlə göstərərək, 8-ci yeri tutmuşdur. Əsas mükafatları rusiyalı Marina Şpext qazanmışdır. Zeynəbin qarşısında Moskva vilayətinin Novoqorsk şəhərində təlim-məşq toplanışlarında iştirak etmək və Avropa çempionatı ərəfəsində digər yarışlara hazırlaşmaq vəzifəsi durur.
Respublika Gimnastika Federasiyasından həmçinin bildirmişlər ki, A.Qurbanova aprelin 21-22-də İspaniyanın Marbella şəhərində keçiriləcək Qran-pri yarışlarında iştirak edəcəkdir. Həmin tarixdə Sankt-Peterbuqda Dünya Kubokunun mərhələ yarışları keçiriləcəkdir. Burada Azərbaycanı Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Anastasiya Makarovadan ibarət yaşlı idmançıların qrup komandası təmsil edəcəkdir.