Sumqayıt Musiqi Kollecində Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri yeni tərkibdə təqdim olunub VİDEO
Bakı, 18 sentyabr, AZƏRTAC
Sumqayıt Musiqi Kolleci Üzeyir Hacıbəyli ənənələrini bu gün də yaşadan təhsil ocaqlarından biri kimi festival çərçivəsində keçirilən tədbirlərə qoşulub. Milli Musiqi Günü münasibətilə dahi bəstəkarın yaradıcılığından bir neçə əsərə müraciət etmişik. İlk dəfə olaraq Üzeyir Hacıbəylinin “Arazbarı” əsərini ansambl üçün yeni tərkibdə işləyərək təqdim etdik. Bu ifada ansamblın tərkibinə fleyta, klarnet, kontrabas və qanun alətləri də daxil edilib.
Bunu AZƏRTAC-a açıqlamasında Sumqayıt Musiqi Kollecinin tədris işləri üzrə direktor müavini Zülfiyyə Hüseynova deyib.
Onun sözlərinə görə, Üzeyir Hacıbəylinin Azərbaycan professional musiqisinin formalaşması və inkişafındakı rolu əvəzsizdir. Bu gün Azərbaycan musiqisinin dünya miqyasında tanınmasının təməlində məhz dahi bəstəkarın yaratdığı zəngin irs dayanır.
“Üzeyir Hacıbəyli milli musiqi ənənələrini Avropa klassik musiqisinin nailiyyətləri ilə sintez edərək Azərbaycan professional musiqisinin əsasını qoyub. O, milli musiqimizdə bir sıra janrların təşəkkülündə mühüm rol oynayıb, Şərqdə ilk operanın, Azərbaycanda ilk operettaların müəllifi olub, həmçinin klassik opera və qəzəl-romans janrlarının inkişafına böyük töhfələr verib”, – deyə Z. Hüseynova əlavə edib.