Sumqayıtda daha bir Vətən müharibəsi qəhramanının barilyefi açılıb
Sumqayıt, 22 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda Vətən müharibəsində qəhrəmancasına şəhid olan Tərlan Rzayevin barelyefinin açılış̧ mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra şəhidin barelyefi üzərindən örpək götürülüb, önünə gül dəstələri düzülüb.
YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi ölkəmizin tarixinə qızıl hərflərlə həkk olunub. Qeyd edilib ki, şəhidlərimizin ailə üzvlərinə və qazilərimizə yüksək dövlət qayğısı göstərilir. Dövlət başçımızın bu yöndə fəaliyyəti hər birimiz üçün nümunə olmalıdır.
Çıxışlarda şəhidin keçdiyi döyüş yolundan, erməni işğalçılarına qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışılıb.
Şəhidin ailə üzvləri Vətən uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Tərlan Rzayev Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Tərlan Rzayev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.