Tacikistan ilə Azərbaycan yaşıl enerji sahəsində əməkdaşlıq edə bilər
Bakı, 25 sentyabr, AZƏRTAC
Tacikistanın coğrafi mövqeyi onun alternativ enerji istehsalı potensialını artırır. Ölkədə elektrik enerjisinin 98 faizi təmiz və bərpaolunan enerji mənbələrindən alınır. Su enerjisi potensialı ildə 527 milyard kilovat/saatı keçir ki, bu da dünyada səkkizinci ən böyük göstəricidir və bütün Mərkəzi Asiyanın tələbatını üç dəfə ödəmək üçün kifayətdir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tacikistanın sənaye və yeni texnologiyalar nazirinin müavini Əziz Nəzər Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel iclasında deyib.
O bildirib ki, Azərbaycan və Tacikistan birlikdə Asiyadan Avropaya yaşıl rəqəmsal dəhliz qura bilər. Bunun üçün Tacikistanın böyük potensialı var: “Biz bilirik ki, su və yaşıl texnologiyalar gələcəkdə mühüm rol oynayacaq. Buna görə də Tacikistan BMT ilə tərəfdaşlıqda su və süni intellekt əlaqəsini qlobal gündəmə çıxarıb. Tacikistanın dağları Mərkəzi Asiya ölkələri üçün su ehtiyatlarının 60 faizini mənbəyini təşkil edir. Yeni su elektrik stansiyalarının tikintisi üçün 3 milyard dollar vəsaitin cəlb olunmasına nail olmuşuq ki, bu da enerji ixracı potensialının artırılması deməkdir”.