Tahir Gözəl Afrika Kontinental Azad Ticarət Zonasının Baş katibi ilə görüşüb



Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 7-də iş adamı Tahir Gözəl İllik İnvestisiya Yığıncağı (AIM) konqresində çıxış etmək üçün Afrika Kontinental Azad Ticarət Zonasının (AfCFTA) Baş katibi Wamkele Menenin dəvəti əsasında Əbu-Dabiyə yollanıb və “Rəqəmsal ictimai infrastruktura strateji investisiyalar: Afrikada regional iqtisadi inteqrasiya və birbaşa xarici investisiyaların inkişafı” adlı panel müzakirəsində iştirak edib.
Paneldə çıxış edən T.Gözəl Rəqəmsal İctimai İnfrastrukturun (DPI) potensialının üzə çıxarılmasında strateji tərəfdaşlığın mühüm rolunu vurğulayaraq, Azərbaycanın texnologiya əsaslı həllər vasitəsilə inklüziv inkişafı təşviq etməyə yönəlmiş səyləri haqqında məlumat verib.
Səfər çərçivəsində aprelin 7-də və 9-da Tahir Gözəlin AfCFTA-nın Baş katibi Wamkele Mene ilə də görüşləri baş tutub. İş adamı “ASAN xidmət”in, “Azərkosmos”un və özünün təsis etdiyi “Proxima Tech Solutions” şirkətinin yeni xidmətlərini Afrika ölkələrinə təqdim etməyə və bu istiqamətdə genişləndirilmiş tərəfdaşlığa hazır olduğunu bildirib.
“ASAN xidmət” və “Azərkosmos”un Afrikada həyata keçirdiyi layihələr barədə aparılan müzakirələrdən məmnunluğunu ifadə edən Baş katib Azərbaycana ehtiramını vurğulayaraq, yeni tərəfdaşlıqlara açıq olduğunu bildirib.
Qeyd edək ki, AIM Konqresi beynəlxalq sərmayənin gələcəyini formalaşdırmaq məqsədilə qlobal liderləri, siyasətçiləri və yenilikçi iş adamlarını bir araya gətirən dünyanın aparıcı investisiya platformalarından biridir.