İQTİSADİYYAT
“Technest” təqaüd proqramı çərçivəsində cəzaçəkmə müəssisəsində 15 gənc İKT sahəsi üzrə məzun olub
Bakı, 12 sentyabr, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technest” təqaüd proqramı çərçivəsində cəzaçəkmə müəssisəsində yetkinlik yaşına çatmayan 15 gənc İKT sahəsi üzrə məzun olub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, “Technest” və Ədliyyə Nazirliyi ilə birgə təşkil edilən təlimlərdə “IT helpdesk” mütəxəssisi olaraq yetişdirilən gənclər azadlığa çıxdıqdan sonra cəmiyyətə daha sürətli adaptasiya ola biləcək.
Beynəlxalq araşdırmalara görə, həbsxanada olarkən təhsil proqramlarından faydalanmış məhbusların azadlığa çıxdıqdan sonra həbsxanaya qayıtma ehtimalı daha az olur. “Technest”in təhsil sahəsində cəmiyyətə verdiyi töhfəsi bu qrup gənclər üçün də əlçatan olub.
“Technest” uğurla reallaşdırdığı bir neçə layihə var. Respublika üzrə maliyyə imkanları məhdud lakin İT sahəsinə böyük marağı olan gənclərə İKT sahəsi üzrə təlimlər təşkil olunur. Hazırda 9 regionda tədris davam edir, bu il daha 10 regionda layihənin reallaşdırılması planlaşdırılır.