Təhsil İnstitutu “Həmkara dəstək” layihəsi çərçivəsində yay məktəbinə başlayıb
Bakı, 30 iyun, AZƏRTAC
Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi “Həmkara dəstək” layihəsi çərçivəsində yay məktəbinə start verib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, yay məktəbinin ilk seminarı açıq havada Bakının Yasamal rayonundakı “Skeytpark”da keçirilib. Azərbaycan dili və ibtidai sinif müəllimləri üçün təşkil edilən seminar “Azərbaycan dili fənninin tədrisi: problemlər və perspektivlər” mövzusunda olub.
Seminar Təhsil işçilərinin peşəkar inkişafı mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətova tərəfindən aparılıb. Bakıda, həmçinin bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ibtidai sinif müəllimlərinin iştirakı ilə keçirilən seminarda “6 şlyapa” üsulu ilə fənnin tədrisindəki problemlər müzakirə edilib, təkliflər dinlənilib. Müəllimlər yeni dərsliklərin məzmununu, dəyişən standartları təhlil edib və əvvəlki standartlarla müqayisələr aparıblar. Bundan əlavə, seminar iştirakçıları lirik şeirin struktur xüsusiyyətlərinin təhlili üzrə praktik fəaliyyət aparıb, təcrübə mübadiləsi edib, çətinliklər ilə bağlı tövsiyələr alıblar. Sonda seminar iştirakçılarının ehtiyaclarının müəyyən olunması məqsədilə sorğu keçirilib.
Qeyd edək ki, “Həmkara dəstək” layihəsi üzrə təşkil olunan yay məktəbinin məqsədi müəllimləri dərsdənkənar öyrənməyə cəlb etmək, səmimi və rahat bir mühitdə həmkarları ilə əməkdaşlığa təşviq etməkdir. Layihənin qarşısında müəllimlərin diqqətinin dərsliklərlə bağlı dəyişikliklərə cəlb edilməsi və metodik vəsaitlərlə işləməyin vacibliyinin vurğulanması, müəllimlərin pedaqoji sahədə bilik və bacarıqlarının artırılması, mütəxəssis və müəllimlər arasında əməkdaşlığın möhkəmləndirilməsi, müəllimlərin öz aralarında əməkdaşlığa cəlb edilməsi kimi vəzifələr dayanır. Bu vəzifələrin icrası üçün yay ayları ərzində açıq havada müxtəlif mövzularda seminarların təşkili nəzərdə tutulur.