ELM VƏ TƏHSİL
Təhsil müəssisələrində psixo-sosial və pedaqoji işin aparılması üzrə mütəxəssislərin bacarıqları artırılacaq
Bakı, 14 avqust, AZƏRTAC
Avqustun 14-də Azərbaycan-Türkiyə İş Adamları Birliyi ilə Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyi arasında maliyyə dəstəyinin göstərilməsi haqqında müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, “Ümumi təhsil müəssisələrində psixo-sosial və pedaqoji işin aparılması üzrə mütəxəssislərə uşaqların müdafiəsi sahəsində peşəkar bacarıqların aşılanması” layihəsinin məqsədi təhsil müəssisələrində uşaqlarla işləyən əməkdaşların uşaq hüquqları, uşaqların müdafiəsi sahəsində bilik və bacarıqlarının genişləndirilməsi və müvafiq təlimat və metodik tövsiyələrin hazırlanıb tətbiq edilməsi vasitəsilə uşaq mərkəzli, psixoloji, emosional, fiziki və s. növ zorakılıqdan azad təlim-tərbiyə və qayğı prosesinin təmin edilməsidir.
İlkin mərhələdə Bakı, Abşeron, Sumqayıt və Qubada həyata keçirilməsi planlaşdırılan layihə çərçivəsində sosial pedaqoqlara psixo-sosial mövzularda, eləcə də ilkin İKT bacarıqlarının artırılması yönündə təlimlər keçiriləcək.
Layihənin daha sonra ölkənin digər bölgələrindəki ümumtəhsil müəssisələrində tətbiq edilməsi nəzərdə tutulur.