Tələbələr elmi müəssisədə geofiziki təcrübə keçirlər
Bakı, 24 may, AZƏRTAC
AMEA-nın Geologiya və Geofizika İnstitutunda Azərbaycan-Fransız Universiteti (UFAZ) tələbələrinin seysmologiya, geomaqnetizm, radiometriya və Yerin istilik sahəsi üzrə təcrübələri davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Seysmologiya və geomaqnetizm şöbəsinin müdiri, dosent Qulam Babayevin rəhbərliyi ilə UFAZ tələbələri Sona Rüstəmova və Fidan Cəfərova, həmin şöbənin aparıcı elmi işçisi, dosent Təhminə Qarayevanın rəhbərliyi altında Nuray Dəmirçiyeva və Nurlan Talıbov, Geoloji mühitin radiometriya şöbəsinin müdiri, professor Çingiz Əliyevin rəhbərliyi altında Murad Qəhrəmanov və Geotermiya şöbəsinin müdiri Vahab Muxtarovun rəhbərliyi altında Malik Abdullayev buraxılış işlərinin yerinə yetirilməsinə cəlb olunublar.
Tələbələr “Zəlzələlərin ehtimal təsirinin qiymətləndirilməsi və güclü hərəkətlərin xüsusiyyətlərini nəzərə alınması”, “Azərbaycan ərazisi üzrə seysmikliyin fəza-zaman variasiyalarının öyrənilməsi”, “Cəngi kəsilişdə paleogen yaşlı süxurlarında termomaqnit analizin və zaman təmizlənməsinın aparılması”, “Cəngi kəsilişdə paleogen yaşlı süxurlarında maqnit qavrayıcılığının təyini və termomaqnit təmizlənmə işlərinin aparılması”, “Süxurların istilik xassələrinin öyrənilməsi”, “Ətraf mühitin texnogen çirklənməsinin mənbələri və onların geofiziki sahələrdə əks olunması” mövzularında buraxılış işlərini yerinə yetirirlər. Onlar təcrübə müddəti ərzində pandemiya şəraitinə uyğun olaraq şöbələrdə cihaz və avadanlıqlarla, onların iş prinsipləri ilə tanış olur, Azərbaycan ərazisinin seysmikliyi, güclü zəlzələlərin makroseysmik tədqiqatları, instrumental tədqiqatlar, Yer qabığının gərginlik vəziyyəti haqqında, seysmikliyin zaman klasterləşməsi, zəlzələlərin təhlili, seysmik təzahür, stasionarlıq və seysmik rejimin xüsusiyyətləri barədə biliklərə yiyələnir, süxur nümunələrinin paleomaqnit xüsusiyyətini öyrənir, maqnitostratiqrafik şkala, respublika ərazisində aparılmış radiometrik və termometriya tədqiqatları, üsul və yanaşmalar haqqında nəzəri-təcrübi biliklər əldə edirlər.
Tələbələr həm də şöbələrdə yerinə yetirilən elmi-tədqiqat işlərinin mövzusuna uyğun olaraq metodiki yanaşmalara, hesablama prinsiplərinə yiyələnməklə elmi işlərin aparılmasında yaxından iştirak ediblər.