Tərtərdə tədbir: Ulu Öndər Heydər Əliyev və humanitar diplomatiya
Tərtər, 20 aprel, AZƏRTAC
Tərtərdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və humanitar diplomatiya” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının və “Qızıl Aypara” Cəmiyyətinin Tərtər rayon bölməsinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ulu Öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Tədbir Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tərtər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən tədbirlər haqqında iştirakçılara məlumat verib, müstəqillik dövründə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin itirilmiş hüquqi bazasının formalaşdırılmasında və Azərbaycanın Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının bərabərhüquqlu üzvlüyünə qəbul edilməsində Ulu Öndərin rolunu vurğulayıb. Heydər Əliyevin siyasi kursunun prioritet sahələrindən olan insan, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi, eləcə də humanizm siyasətinin həyata keçirilməsi istiqamətində keçirilən ardıcıl tədbirləri iştirakçılarının diqqətinə çatdırıb.
Qızıl Aypara Cəmiyyətinin Tərtər rayon bölməsinin sədri Etibar Heydərov, fövqəladə mobil könüllülər dəstəsinin qrup lideri Nicat İbrahimli, könüllülərdən Fatimə Kərimzadə və Tünzalə Nəcəfova çıxışlarında Ümummilli Liderin hakimiyyəti illərində bütün sahələrə olduğu kimi humanitar sahəyə də diqqət və qayğı göstərilməsindən, Ulu Öndərin Sərəncamı ilə 10 mart Qızıl Aypara gününün təsis edilməsindən, Qızıl Aypara Cəmiyyətinin könüllülərinin respublikamızda, eləcə də Tərtər rayonunda fəaliyyətindən söhbət açıblar. Çıxışlarda “COVID-19” pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə mülki əhaliyə göstərilən xidmət, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu istiqamətdə həyata keçirdiyi humanitar layihələr barədə məlumat verilib.