“Tezisin yazılma qaydası və elmi tədqiqatlarda düzgün istinad qaydaları” - təlim
Bakı, 26 iyul, AZƏRTAC
Təhsil İnstitutu tərəfindən doktorantlar və gənc tədqiqatçılar üçün növbəti onlayn təlim təşkil olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlimin əsas mövzusu tezisin yazılma qaydası və elmi tədqiqatlarda düzgün istinad qaydaları olub. Təlimdə spiker qismində institutun direktor müavini Könül Abaslı çıxış edərək konfransa göndəriləcək tezislərin mövzularının aktuallığı və orijinallığının əhəmiyyətini vurğulayıb, eləcə də tezislərin həcmi, məruzənin hazırlanma qaydaları, mətn daxilində və ədəbiyyat siyahısında məqalələrə istinad formaları barədə ətraflı məlumat verib.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Təhsil İnstitutu noyabrın 10-11-də doktorantların və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransını (NASCO) keçirəcək.
Konfransın keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.