“TIK-TIK XANIM” NAĞILI KÖLN ŞƏHƏRİNDƏ KEÇİRİLMİŞ BEYNƏLXALQ FESTİVALDA TƏQDİM OLUNMUŞDUR
Bakı, 6 oktyabr (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 20-dən oktyabrın 3-dək Almaniyanın Şimali Rayn-Vestfalen əyalətinin Köln şəhərində mədəniyyətlərarası həftə keçirilmişdir.
Həftə çərçivəsində təşkil olunan tədbirlərdən biri də dünya ölkələrinin nağılları festivalıdır. İkigünlük festivalda 20 ölkədən nağıllar təqdim edilmiş, müxtəlif xalqların musiqilərindən nümunələr səsləndirilmişdir.
Festivalda beş qitənin mədəniyyəti təmsil olunmuş, Azərbaycan nağılı da dinləyicilərin diqqətinə çatdırılmışdır. Azərbaycanla yanaşı, Bolqarıstan, Böyük Britaniya, Finlandiya, İtaliya, Yaponiya, Kanada, Kolumbiya, Meksika, Qvineya, Kamerun, Çexiya, Litva, Ukrayna və digər ölkələrdən olan uşaqlar, eləcə də böyüklər üçün də nəsihətlə dolu nağıllar səsləndirilmişdir.
Tədbirdə ilk olaraq qonaqlara Azərbaycan nağılı - “Tık-tık xanım” təqdim olunmuşdur. Aparıcı Florian Sever Azərbaycan haqqında qısa məlumat vermiş, sonra nağıl iki dildə - Azərbaycan və alman dillərində oxunmuşdur. “Tık-tık xanım” nağılını alman dilində aktrisa Kristina-Mariya Qreve böyük ustalıqla səsləndirmişdir. Sonra Almaniyada yaşayan soydaşımız, Köln Konservatoriyasının dosenti, pianoçu Elnara İsmailova Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun miniatürlərini ifa etmişdir.
Azərbaycan nağılı gecəsinin təşkilində Köln Şəhər Bələdiyyəsinə Alman-Azərbaycan Forumu və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi də dəstək vermişdir.